Ermənilər oyun qurur, Azərbaycan isə ləngiyir: “Xankəndi məsələsi hər şeydən öncə həll olunmalıdır”

17:06 10 Fevral 2022

"Ermənilərin mövqeyində müəyyən pərakəndəlik hiss  olunur. İrəvan bir söz deyir, Xankəndi başqa söz deyir. Amma əslində bu siyasət mərkəzdən idarə olunur. Məsələn, İrəvanda  baş nazir Paşinyan öz parlamenti qarşısında çıxış etdi və bütün məsələlərdə Azərbaycanla razılaşdığını dedi. Yəni fərqli bir mövqe ortaya qoymadı".

Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı deyib. O bildirib ki, Xankəndinin Ermənistandan ayrı təqdim olunması erməni siyasətidir: "Dekabrın 14-də Azərbaycan prezidenti, Ermənistanın baş naziri və Avropa İttifaqı Şurasının sədri Şarl Mişel arasında olan görüşdən başlayaraq, orada qoyulan məsələlərin hamısına Paşinyan razılığını bildirir. İstər dəmir yolu ilə bağlı, istər avtomobil yolu ilə bağlı, istər sülh müqaviləsi və sərhədlərin delimitasiyası ilə bağlı razılıq mövqeyindən çıxış edir. Hiss olunur ki, bu məsələni Ermənistan cəmiyyətinə qəbul etdirməyə çalışır. Digər tərəfdən, belə görüntü yaratmağa çalışırlar ki, sanki Xankəndi  Ermənistanın nəzarətində deyil. Əslində isə bu hiyləgər erməni siyasətidir".

A.Nağı vurğuladı ki, Qarabağın ermənilər yaşayan ərazilərindəki qondarma qurum hansısa qanun layihəsi hazırlayır, işğal olunmuş ərazilər haqqında qanun qəbul edirlər: "Bu ərazilərə Şuşanı, Şuşa ətrafını, Hadrut, keçmiş Şaumyan kənd rayonunu daxil edirlər. Guya onların hansısa dövləti olub və indi də əraziləri işğal olunub. Gülməli situasiyadır, amma biz ciddi yanaşmalıyıq. Bu oyunlardan xəbər verir. Bir müddətdən sonra ola  bilər ki, ermənilər və onların arxasında dayananlar Xankəndi məsələsini ortaya ata bilərlər. Guya onlar müstəqil siyasət yürüdür və Azərbaycana qarşı iddialar irəli sürürlər. Biz onların mətbuatını diqqətlə izləyirik və belə bir tendensiya hiss olunur. Ona görə də, Azərbaycan ləngimədən bu məsələləri həll etməlidir. Azərbaycan ləngidikcə məsələ böyüyə bilər. Artıq onlar özlərini dünyaya məhv edilmiş erməni dövləti kimi təqdim edə  bilərlər. Biz məsələni həll etdikdən sonra, ərazi bütövlüyünü həll etdikdən sonra, onlar yaratdıqları oyuncaq qurumu dövlət kimi təqdim edib göstərəcəklər ki, Azərbaycan bir erməni dövlətini məhv elədi. Artıq onlar bu xətti yeridirlər".

QAT sədri diqqətə çatdırdı ki, Xankəndi məsələsi hər şeydən öncə həll olunmalıdır: "Onlar ön plana Paşinyanı çıxarıblar. Paşinyan parlamentdə çıxışında da bildirdi ki, bizim üçün əsas məsələ Azərbaycanla sülh müqaviləsi imzalamaq və Türkiyə ilə münasibətləri normallaşdırmaqdır. Onlar növbəti dəfə dünyanı aldatmağa və bizi aldatmağa çalışırlar.  Burada danışıqlar aparır, yolları açırlar. O  biri tərəfdə Xankəndindəki ermənilər öz işlərini görürlər. Birinci məsələ Xankəndi məsələsinin həlli olmalıdır. Xankəndi, Xocalı, Ağdərə,  Əsgəran və digər ərazilərdə Azərbaycan hakimiyyəti bərqərar olunmadıqca, məsələni bitmiş hesab etmək olmaz".

SİTAT.İNFO



Xəbər xətti