"Bakı və İrəvan bizi “Tramp marşrutu”na dəvət etməyib" - Lavrov

\"Bakı və İrəvan bizi “Tramp marşrutu”na dəvət etməyib\" - Lavrov
SİYASƏT 15 Oktyabr 2026 18:22

“Rusiya Ermənistan və Azərbaycandan “Tramp marşrutu” layihəsində iştirakla bağlı hələlik müraciət almayıb, amma tərəflər Moskvanın iştiraka hazır olduğunu bilirlər”.

Sitat.info xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) sammitində iştirakının yekunlarına dair jurnalistlərə açıqlamasında bildirib.

“Donald Trampın adını daşıyan bu nəqliyyat marşrutu layihəsində iştirakla bağlı hələlik heç bir müraciət almamışıq. Amma bütün maraqlı tərəflər bizim hazırlığımızdan və imkanlarımızdan xəbərdardır”, - nazir qeyd edib.

Lavrov Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesini dəstəklədiklərini vurğulayıb:

“Prezidentin və Xarici İşlər Nazirliyinin adından dəfələrlə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesini alqışlamışıq. Vaşinqtonda əldə olunmuş razılaşmanı da dəstəkləmişik. İnfrastruktur layihələrində iştirak etməyə hazırıq və bunu dəfələrlə bəyan etmişik”.

Nazir əlavə edob ki, “Rusiya Dəmir Yolları” şirkətinin “Cənubi Qafqaz Dəmir Yolu” çərçivəsində konsessiyası var və şirkət bu sahədə fəaliyyət göstərir:

“Bütün bu infrastruktur bizə tanışdır və onun texniki xidməti bizim tərəfimizdən həyata keçirilir”.