Üzeyir Cəfərov nazirliyi və DSMF-ni tənqid atəşinə tutdu: "Qanun qarşısında cavab verməli olacaqlar"

18:04 10 Fevral 2022

"Ehtiyatda və istefada olan hərbi qulluqçular, o cümlədən xüsusi rütbəlilərin pensiya və təqaüdlərinə əlavələrlə bağlı vəziyyət dəyişməz olaraq qalır.

Ölkə başçısına, I vitse-prezidentə, əlaqədar qurumların rəhbərlərinə, baş nazirə , Milli Məclisin sədrinə və nazirlərə müraciətimiz yazılı şəkildə ötən həftələrdə göndərilib. İndi cavab gözləyirik. Düşünürük ki, bu məsələ məhkəməyə qədər həll olunmalıdır. Ancaq ortada bir real nəticə yoxdur".

Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib.

O bildirib ki, bununla bağlı ölkə başçısının bir sərəncamı oldu: "O sərəncamla Nazirlər Kabinetinə 1 ay vaxt verildi. Bu müddətdə onlar indeksləşdirmə və digər məsələlərlə bağlı öz təkliflərini dövlət başçısına təqdim etməlidirlər. Bu da 8 mart tarixində bitir. Gözləyirik ki, Novruz Bayramı öncəsi dövlət başçısı nəhayət ki, bununla bağlı narahatlığa son qoyacaq.

Bu süni yaradılmış problem hələ də davam edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun tabeliyində olan  Dövlət Sosial Müdafiə Fondu bu qanunsuzluğu və özbaşınalığı davam etdirir.  Sonda onlar cavab verəcəklər.

Qanunun ən sərt dili ilə cavabdehlik daşıyacaqlar. İstər Dövlət Sosial Müdafiə Fondunun rəhbərliyi, başda Himalay Məmişov olmaqla Şahin Əliyev və digərləri bu məsələyə görə qanun qarşısında cavab  verməli olacaqlar. Niyə onlar yüzminlərlə insanı bilərəkdən narazı salırlar. Buna nə mənəvi , nə də hüquqi haqları yoxdur".



Xəbər xətti