"Ya dərman sektoruna dotasiya verilməlidir, ya da yerli istehsala keçməliyik" - Professor DANIŞDI

14:54 30 İyun 2022

Dərman bazarındaki bahalaşma nə vaxtadək davam edəcək? – elmlər doktorundan açıqlama

Hazırda bir çox istiqamətlərdə müşahidə olunan bahalaşma dərman bazarında da özünü göstərir. Dərman satışı bir qədər strateji, insan həyatı ilə bağlı olan məsələdir. Bu təqdirdə  bahalaşmanın  qarşısını hökümət necə ala bilər? Yerli dərman sənayesini necə inkişaf etdirmək olar? Dərman bazarındakı monopoliya bu mühitə necə təsir edir?
Mövzu ilə bağlı  Sitat.info-ya açıqlama verən tibb elmləri doktoru  Adil Qeybulla dərman bazarında vəziyyətin ürəkaçan olmadığını dedi: "Dərman təhlükəsizliyi məsələsi həmişə milli təhlükəsizlik konsepsiyasının tərkib hissəsi olmalıdır. Dərmanların keyfiyyət parametrləri ilə bağlı tənqidi fikirlər var və bu fikirlərin hamısı əsassız deyil”.
Adil Qeybulla bildirdi ki, dövlət dərmanların əlçatan olması üçün  görüləcək tədbirlərin bir hissəsini həyata keçirir: "Məsələn, icbari tibbi sığorta çərçivəsində müəyyən dərmanları vətəndaşlar istər ambulator müalicədə, istərdə də evə yazılanda güzəştlə almaq imkanına malikdir. Nazirlər Kabinetinin əmri ilə çox bahalı, nadir xəstəliklərdə istifadə olunan dərmanların olduğu bir siyahı var. Onlar ümumiyyətlə xəstələrə pulsuz verilir. Bu praktika uzun müddət həyata keçirilir. Bunun bütün dərmanlara şamil edilməsi üçün ya dotasiya edilməlidir, ya da yerli istehsala keçmək lazımdır”.

Professorun sözlərinə görə, Azərbaycanın yerli istehsalda potensiyalı böyükdür: ”Amma bunu reallaşdırmaq üçün infrastruktur qurulmalıdır, mütəxəssislər hazırlanmalıdır. Yəqin ki,bu istiqamətdə də müəyyən işlər görüləcək”.



Xəbər xətti