Son 3 gündə 5 şəhid verdik. 5 oğul eldən getdi. Onlardan biri, hələ üzündən silinməyən uşaqlıq siması ilə hər kəsin qəlbini dağlayan Samir Xudiyev bu gün Ramana qəsəbəsində böyük bir izdihamın iştirakı ilə son mənzilə yola salındı.
SİTAT.İNFO-nun müxbiri bu gün şəhidimizin evinə baş çəkib, onun valideynlərinə baş sağlığı verib.
Anası Xanım Xudiyeva da şəhid anaları sırasına qoşulduğunu deyir. Oğlunu xatırladıqca, haqqında danışdıqca için-için ağlayan ana deyir ki, 3 övladı arasında Samiri bir başqa sevirmiş: "Balama laylay çalıb, son mənzilə yola saldım. Son dəfə öpüb sığalladım, vidalaşdım. Ucaboylu, yaraşıqlı balam torpağa pay oldu. Samir çox ağıllı uşaq idi, heç kimi incitməzdi. Hansı iş tapşırsaydım səliqəli ilə yerinə yetirərdi. O qədər baxımlı oğlan idi ki, evdən yarım saata çıxardı. Sarıbalam deyirdim ona. Komando hərbi hissəsində idi, həmişə qorxmadan irəli gedən, özünü qabağa atan idi. Sonuncu dəfə avqustun 3-də danışdıq, dedi ana, hər şey yaxşıdır. Amma narahat idim. Səhəri gün şəhid xəbəri gəldi. Onsuz necə yaşayacam bilmirəm".
Anası deyir ki, hazırda yaşadıqları evi yeni alıblar. Özü də Samirin arzusu ilə Ramanada alıblar. Bütün dostları , ətrafı burada olduğu üçün başqa yerə getmək istəməyib. Məzuniyyətə gələndə isə gəlib bu evi bəyənib: "Balam çox sevdi bu evi, çox bəyəndi. Amma bu evdə yaşamaq qismət olmadı, təzə evimizdə bir gecə yatmaq qismət olmadı. balam bu evə bayrağa bükülüb gəldi".
Qeyd edək ki, Samir Xudiyev 1 il 1 ayın əsgəri olub, evə dönməsinə 5 ay qalıbmış. Bu 1 ildə bir neçə dəfə əməliyyatlara qatılmışdı, ermənini səngərində əsir götürmüşdü, silahlarını yığıb gətirmişdi. Laçında çox çətinliklər görmüşdü. Bu yaxınlarda hərbi hissə açılandan sonra rahatlığa çıxmışdılar. Elə sevnirdi ki... Deyirdi ana, bundan sonra çox yaxşı olacaq... Qismət olmadı balama rahat günləri görmək".
Müəlliməsi Günel Məhərrəmova da Samir haqqında ancaq xoş sözlər deyir: "Çox həyalı, sakit, ağıllı uşaq idi. Güləndə yanaqları qızarırdı. Deyirdim Samir, heç indi qızlar güləndə qızarmır. O qədər mərifətli idi ki... O təkcə bizdən yox, eldən gedib. Onun şəhidliyi hamını yandırdı".
Samirin dostları isə həyətdə kişilər oturan çadırda yox, evdə Samirin anasının yanındadılar. Evin bir küncündə dizlərini qucaqlayıb oturub, ananın dedikləri sözləri eşidib göz yaşı tökürlər.
Dostlardan biri onun haqqında danışır: "Samirlə o qədər yaxın idik ki, dost kəlməsi bəsitdir. Yediyimiz-içdiyimiz ayrı getmirdi. Orada da imkan tapan kimi ilk bizə yazırdı, hamımızı soruşurdu, yaxşı olduğunu deyirdi. Onu itirdiyimizə inana bilmirik. Şəkildə üzünə baxa bilmirəm...".
Həyətdə yas çadırında baş sağlığına gələnlər içində beli bükülmüş şəhid atası ilə görüşüb baş sağlığı veririk. O tək öz oğluna yox, bütün şəhidlərə rəhmət oxuyur, "Vətən sağ olsun!" deyir: "Samir komando hərbçisi idi, minamyotçu idi. Avqustun 4-də döyüş tapşırığını yerinə yetirərkən düşmənin üzərinə gedəndə, ermənilər taktika işlədib onların başı üstündəki, 300 metr yüksəklikdəki qayanı vurublar. Qaya parçası qopub oğlumun üstünə düşüb və bu şəraitdə şəhidlik zirvəsinə yüksəlib. Səhər saat 10-da komandiri ilə danışdım, dedilər salamatlıqdır. Sonra nə qədər zəng etdimsə telefon bağlı oldu. Saat 2-də oğlumun şəhid xəbərini aldım. Sən demə 10.30-da artıq həyatda yox imiş. Vətən sağ olsun, hamımızın başı sağ olsun. Şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı arzulayıram. Məni şəhid atası adına ucaltdı. Oğlumla , yaraşıqlı balamla fəxr edirəm. Orada türklər əsgərlərimizə təlim keçirdi, adını "Sarı" qoymuşdular. Sarışın, yaşılgözlü, ucaboylu oğlumu torpağa əmanət etdim...".
Nərgiz LİFTİYEVA
SİTAT.İNFO