Qadın, yoxsa kişi sürücülər daha çox qayda pozur? Nəqliyyat ekspertindən maraqlı təhlil

13:01 17 Fevral 2022

"DYP-nin qadın sürücülərlə bağlı açıqladığı statistik məlumatlar maraqlı gəldi. Balaca bir araşdırma apardım. Qadın sürücülərin törətdikləri qayda pozuntuları, onların təqsirli olduğu cinayət sayılan yol-nəqliyyat hadisələri əslində qadın sürücülərin say nisbətini nəzərə alanda kişilərlə müqayisədə çox azdır".

Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında nəqliyyat eksperti Ərşad Hüseynov deyib. 

Onun sözlərinə görə,  2021-ci ildə ölkəmizdə 1649 cinayət xarakterli yol-nəqliyyat hadisə olub, nəticədə 706 nəfər həlak olub, 1452 nəfər yaralanıb. Elə həmin 2021-ci ildə qadın sürüclərin təqsirli olduğu cinayət xarakterli yol-nəqliyyat hadisələrinin sayı 28, bu hadisələrdə ölənlərin sayı 17, yaralananlaraın sayı isə 18 olub: "Bu isə o deməkdir ki, ölkə üzrə belə hadisələrin cəmi 1,7%-i qadınların hesabına düşür. Qadın sürücülərin təqsirindən ölənlər cəmi ölənlərin 2,4%-ni, yaralanalar isə cəmi yaralananların 1,24%-ni təşkil edir. Amma nəzərə alaq ki, ölkəmizdə qadın sürücülər cəmi sürüclərin təxminən 3-4%-ni təşkil edir. Başqa sözlə, qadın sürücülərin ağır qəza törətmək üzrə göstəriciləri kişi sürücülərinkindən təxminən 2 dəfə yaxşıdır".

Ekspertin sözlərinə görə, qadın sürücülərin törətdikləri inzibati xəta sayılan qayda pozuntuları da say nisbəti ilə götürüldükdə kişi sürücülərdən əhəmiyyətli dərəcədə azdır: "Məsələn, təhlükəsizlik kəməri bağlamayan sürücülərin təxminən 2%-i qadınlardır. Mənə maraqlı gələn sürət həddinin aşılması ilə bağlı qadın sürüclərin sayı oldu. 2021-ci il üçün sürət həddini aşan cəmi sürücülərin rəsmi statistikası verilməsə də, əvvəlki illərin statistikası əsasımda hesablama apardım. Maraqlıdır ki, 2021-ci ildə sürət həddini aşanların təxminən 5,2%-i qadın sürüclərdir. Bu isə qadın sürücülərin say nisbəti nəzərə alınanda o deməkdir ki, yollarımızda qadın sürüclər sürət həddini kişilərdən daha çox aşırlar. Amma reallıq buna uyğun gəlmir. Hətta tez-tez kişi sürüclər bizim "Düzgün Hərəkət" verilişinə şikayət edirlər ki, qadınlar asta sürdüklərindən yolda bizə mane olurlar. Bəs belə qeyri-adi statistikanın səbəbi nə ola bilər: doğrudanmı qadınlar qaza daha çox basırlar? Bir az düşünəndə bunun çox sadə, bəlkə də bir az gülməli səbəbi ortaya çıxır: qadın sürüclərimizin xeylisi sadəcə olaraq, hələ ki, radarların yerini yaxşı bilmirlər. Onlardan bəziləri də radarlara kişilər qədər nəzarət etmirlər, bir qismi isə radar görəndə kişilər kimi əyləci basmırlar". 

SİTAT,İNFO



Xəbər xətti