"Azərbaycanın hələ də Rusiya sülhməramlılarının nəzarəti altında, faktiki olaraq ermənilərin nəzarətində qalan ərazilərdə təxribatlar törədilir. Aydın şəkildə görünür ki, orada ermənilər qanunsuz silahlı dəstələrini saxlayırlar. Azərbaycana qarşı müəyyən addımlar atmağa özlərinin guya hansısa qurumlarının olduğunu göstərməyə çalışırlar. Son hadisələr bunu bir daha göstərdi".
Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında , son günlər Qarabağda baş verən hadisələri dəyərləndirən Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı dilə gətirib.
O vurğulayıb ki, hazırda çox xoşagəlməz proseslər gedir: "Orada hansısa qanunvericilik fəaliyyəti ilə məşğul olurlar. İşğal olunmuş ərazilər haqqında qanun qəbul edirlər. Onların nə zaman dövləti olub ki, Azərbaycan onun ərazisini işğal eləsin. Azərbaycan torpaqlarında hərbi təlim keçirməyi iddia edirlər. Əhaliyə silah paylayırlar, son olaraq çox təhlükə və narahatlıq doğuran məsələ separatçıların yolu bağlaması, Azərbaycan maşınlarının keçməsinə imkan verməməsi, səngər qazması və sairdir. Orada xoşagəlməz proseslər gedir. Bəzi ekspertlər oradakı hansısa qondarma qurumun hərəkətlərindən danışırlar. Bizim müraciət etdiyimiz subyekt o qondarma qurum olmalı deyil. Orada heç bir qurum yoxdur. Sadəcə başıpozuq silahlı dəstələr var. Ermənistan və Rusiya onlardan Azərbaycana qarşı istifadə etməyə çalışır. Məsələnin mahiyyəti budur".
A.Nağı hesab edir ki, bu hadisələrin kökündə Ermənistan və Rusiya dayanır: "Ermənistan Azərbaycanla ikili oyun oynayır. Bir tərəfdən sülh danışıqlarından bəhs edir, delimitasiyadan danışır, o biri tərəfdən də Xankəndi və ətraf ərazilərdəki ermənilərdən Azərbaycana qarşı istifadə edir, onların guya sərbəst və maneəsiz hərəkət etdiyini Azərbaycanın diqqətinə çatdırmağa çalışır. Ona görə də, Azərbaycan Ermənistan qarşısında sərt şəkildə tələb qoymalıdır ki, ya Xankəndidəki oyunlara son qoyursunuz, ya da Azərbaycan danışıqlardan çıxır. Orada oyunlar gedə -gedə Azərbaycanın Ermənistan və Rusiya rəsmiləri ilə danışıqlar aparmasının heç bir mənası yoxdur.
Azərbaycan bu danışıqlardan çıxmalıdır və tələb etməlidir ki, bu oyunlara son qoysunlar".
QAT sədrinin fikrincə, Azərbaycan həmçinin Rusiya qarşısında məsələ qaldırmalıdır ki, siz sülhməramlı kimi regionda qanunsuz silahlı dəstələri zərərsizləşdirməli, orada qayda-qanun yaratmalı idiniz: "Necə tənzimləyirsiniz ki, orada qanunsuz dəstələr hərbi təlim keçirlər. Əgər bu işin öhdəsindən gələ bilmirsinizsə, Rusiya sülhməramlıları Azərbaycandan çıxmalıdır. Vəziyyət bundan ibarətdir, Rusiya və Ermənistan Azərbaycana qarşı oyunlar oynayır. Azərbaycan vaxtında bu oyunların qarşısını almalıdır. Ermənistan qarşısında tələb qoymalı, icra olunmasa danışıqlardan çıxmalıdır. Rusiya qarşısında tələb qoymalıdır ki, öz öhdəliklərini yetirmirlərsə sülhməramlılar Azərbaycan torpaqlarından çıxmalıdırlar. Çıxsalar da, çıxmasalar da Azərbaycan hərbi yolla öz torpaqlarında qayda-qanunu bərpa etməlidir".
SİTAT.İNFO