"Yoxsullar daha da yoxullaşacaq, varlılar da ifrat dərəcədə varlanacaq" - Qubad İbadoğlu bədbin proqnoz verdi

19:20 17 Fevral 2022

"Azərbaycan neftinin bir barrelinin qiyməti 100,76 dollar olub. Adam bilmir sevinsin, yoxsa kədərlənsin. Çünki neftin qiyməti bahalaşanda da, ucuzlaşanda da onun ziyanını xalq çəkir, xeyrini isə hakimiyyət mənimsəyir. Əslində qiymət bahalaşması Azərbaycanın gəlirlərinin artımına xidmət edir. Amma sosial cəhətdən ədalətli bölüşdürülməyən, iqtisadi baxımdan effektiv istifadə edilməyən neft-qaz gəlirlərindən kiçik bir zümrə bəhrələnir, əksinə dünya bazarında qiymət artanda daxildə neft məhsullarının bahalaşmasından yerli istehlakçıların məsrəfi artır. Belə olanda bir qrup sevinsə də əksəriyyəti dərd götürür ki, yeni bahalaşma nə zaman olacaq".

SİTAT.İNFO xəbər verir ki, bu sözləri iqtisadçı alim Qubad İbadoğlu deyib. 

Onun fikrincə, böyük ehtimalla yaxın zamanlarda benzin və digər neft məhsulları bahalaşacaq: " Bu onsuz da yüksək olan inflyasiyaya artırıcı təsir göstərəcək və yoxsullar daha da yoxullaşacaq, varlılar da ifrat dərəcədə varlanacaq. Nə qədər ki, gəlirlərin idarəedilməsində şəffaflıq və hesabatlılıq təmin olunmur, nefti-qazı kimə və neçəyə satmağımız barədə kontraktlar açıqlanmır, qiymətlər və bazar liberallaşdırılmır, bu belə də davam edəcək.Qazanan dövləti şirkət kimi idarə edən iqtidar, itirən isə onlara xidmət edən xalq olacaq".

SİTAT.İNFO



Xəbər xətti