"Çox istərdim ki, bu qeydləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) rəsmiləri oxusunlar və növbəti ailə faciəsinə görə utansınlar. Çıxıb mərhumun ailəsinə üzrhaxlıq etsinlər və hüquq-mühafizə orqanlarına cavab versinlər. Tam məsuliyyətimlə deyirəm ki, məhz AAYDA-nın bəzi məsuliyyətsiz və vicdansız məmurların vəzifə səhlənkarlığı və məsuliyyətsizliyi ucbatından növbəti ailə faciəsi yaşandı. Niyə bu haqda indi danışıram? Ona görə ki, açıqlanan videogörüntülərdə də bir daha həmən o nöqtədə artıq neçənci avtomobil faciəsi yaşandığının şahidi oldum. 3 il ərzində Hacı Zeynalabdin Tağıyev qəsəbəsində xidmətdə olarkən, həmçinin son illərdə müşahidə etmişəm ki, məhz dünən növbəti ağır faciə baş verən NÖQTƏDƏ, məhz avtomobil yolunun ÇÖKMƏSİ və qəzalı olması DƏFƏLƏRLƏ qəzalara səbəb olub və əgər o hissə TƏCİLİ təmir olunmazsa, hələ minlərlə vətəndaşımızı itirəcəyik və ya onlar şikəst olacaqlar".
SİTAT.İNFO xəbər verir ki, bu sözləri hərbi ekspert Üzeyir Cəfərov yazıb.
O vurğulayıb ki, dəfələrlə üzü Qubaya gedən minlərlə sürücülər məhz o NÖQTƏDƏ dəfələrlə ölümlə üz-üzə qalıblar, sadəcə Allahın lütfü və sürücülərin vəziyyətdən bir təhər çıxması onları bədbəxt hadisədən yayındıra bilib: "Eyni vəziyyət, Bakı - Quba yolunun Siyəzən yaşayış məntəqəsi ərazisində də mövcuddur. Üzümü AAYDA-nın rəhbəri Saleh Məmmədova və digər rəsmilərə tuturam. Vicdanınız olsun. Vaxt tapın o yerə şəxsən baxın və TƏCİLİ göstəriş verin ki, o adını qeyd etdiyim NÖQTƏLƏR təmir edilsin. Növbəti ailələr, vətəndaşlarımız faciə yaşamasınlar. Sizdən xahiş və tələb edirəm ki, yazdıqlarımı TƏCİLİ yerində, hətta mənim öz iştirakımla yoxlayaq və qarşıda bizi gözləyən digər faciələrdən sığortalanaq.
Hörmətli Saleh Məmmədovdan və hüquq-mühafizə orqanlarının yetkilərindən çox xahiş edirəm ki, videoya diqqətlə baxın və avtomobilin düz yolda hansı anda faciəvi qəzaya uğramasına diqqət edin. Baş Dövlət Yol Polisi İdarəsindən (BDYP) və Sumqayıt Yol Polisi şöbəsindən xahiş edirəm, son illərdə məhz o nöqtədə baş verən qəzalarla bağlı statistikanı açıqlasınlar.
Xatırladaq ki, dünən Qusara dəfnə gedən ata, ana və azyaşlı övladının ölümü ilə nəticələnən qəzanın görüntüləri yayılıb.Bakı-Quba avtomobil yolunun Sumqayıtdan keçən hissəsində “Mercedes” markalı avtomobil körpüdən aşıb. Qəza nəticəsində Fidanla yanaşı, onun həyat yoldaşı, sürücü 1988-ci il təvəllüdlü Əliyev Seymur Fikrət oğlu və 2021-ci il təvəllüdlü oğlu Həmzə hadisə yerində ölüb.
SİTAT.İNFO