Vüqar Bayramov banklara irad tutdu: "Bu sahibkarın vəsait itiriməsinə səbəb olur"

12:44 21 Fevral 2022

"Valyuta dəyişmə məntəqələrində xarici valyutaların, o cümlədən dollar və avronun alış və satış kurs fərqləri minimumlaşsa da sistem əhəmiyyətli banklarda konvertasiya məzənnələri arasındakı kəskin fərq qalmaqdadır. Belə ki, nağdsız hesablaşmalar üçün xarici valyutanı, xüsusən də avronu kifayət qədər aşağı məzənnə ilə alan bir sıra banklar onu daha yüksək kurs ilə satırlar. Sistem əhəmiyyətli bir sıra banklar avronu 1.88 manat məzənnəsi alır, amma 1.95 kursu ilə təklif edirlər. Bu isə biznesin və xüsusən də fərdi sahibkarların konvertasiya, yəni valyuta alqı-satqısı zamanı vəsait itiriməsinə səbəb olur".

Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında iqtisadçı alim, deputat Vüqar Bayramov deyib.

O bildirib ki,  100 min avronu manata çevirib yerli ödənişlərini etmək istəyən sahikar həmin vəsaitin müqabilində 188 min manat alır. Amma əgər sahibkar manat hesabından avro alıb xarici ödəniş etmək istəyirsə o zaman 100 min avro üçün 195 min manat ödəməlidir: "Deməli, yalnız 100 min avroluq alqı-satqılarda biznesin ziyanına 7 min manat fərq yaranır. Xarici şirkətlər ilə əməkdaşlıq edən sahibkarların konvertasiya əməliyyatlarının yüz milyonlar olduğunu nəzərə alsaq fərqin necə böyük olduğunu təsəvvür etmək çətin olmaz".

Deputat vurğuladı ki, əslində, konvertasiya məzənnələri arasındakı kəskin fərq sistem əhəmiyyətli bankların sektordakı aparıcı mövqelərindən istifadə kimi də xarakterizə olunmalıdır: "Bu baxımdan, bu məsələnin də Mərkəzi Bank tərəfindən tənzimlənməsinə ehtiyac var. Mərkəzi Banl tərəfindən liberal iqtisadiyyat prinsiplərinə uyğun valyuta konvertasiyası ilə bağlı yeni qaydalar müəyyənləşdirməsi məqsədəuyğun olardı. Bank sektorundakı rəqabətin daha da gücləndirilməsi də bu tip halların minimumlaşdırılmasına səbəb ola bilər". 

SİTAT.İNFO



Xəbər xətti