Putin başqa bir müstəqil dövlətin ərazisində iki "dövlət" yaratdı: Qərb bu ssenariyə hazırdırmı?

01:22 22 Fevral 2022

"Putin bir anda Avropanın göbəyində iki "respublika" yaratdı. İnanılmaz olsa da, reallıqdır. Bir anda separatçı rejimlər olan Donetsk və Luqansk "xalq respublikası" nı tanıdığını elan etdi. Başqa bir müstəqil dövlətin ərazisində iki "dövlət" yaratdı.

Bu artıq dünyanın deyil, konkret Avropa məkanının yenidən bölüşdürülməsidir. Bu, qərbə açıq-aşkar müharibə elan etməkdir.

Bu onun göstəricisidir ki, qərblə, NATO ilə ciddi inteqrasiya və strateji əməkdaşlıq yolunu tutan Ukrayna bir anda müstəqilliyini rəsmi olaraq itirdi".

SİTAT.İNFo xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

Onun sözlərinə görə, uduzan tərəf hələlik Ukraynadır: "Bir anlıq Ukraynanın yerində özümüzü təsəvvür etməyin, "müstəqillik" qazanan separatçılar olaraq Qarabağdakı separatçı rejimi təsəvvür etməyin özü belə dəhşətlidir.

Nə baş verəcək? Putin öz müraciətində NATO-nun son 20 ildəki genişlənməsini qeyd etməklə yeni dünya müharibəsinin, əlbəttə, əgər baş verəcəksə , məsiliyyətini NATO üzərinə qoydu.

NATO-nun Rusiya sərhədlərinə çox yaxınlaşdığını və bununla barışmayacaqlarını bildirdi".

Bundan sonra Avropa, ABŞ, qərb hansı addımları atacaq?. Qərb bu ssenariyə hazırdımı?

Yoxsa , yenə də Rusiyaya qarşı mənasız ekonomik sanksiyalarmı olacaq?

O.Gündüz vurğuladı ki, belə bir anda Azərbaycan Prezidenti İlham Əliyevin Moskvada olması da düşündürücüdür: "Azərbaycan və Rusiya arasında gözlənilən müttəfiqlik sənədində nələr nəzərdə tutulub, milli maraqlarımıza uyğundurmu ?

Müstəqilliyimiz üçün hansısa təhdidlər varmı?

İnanmaq istərdim Türkiyə ilə imzaladığımız Şuşa Bəyannaməsinə zidd olan bir sənəd olmayacaq.

Yoxsa, Qarabağ probleminin birdəfəlik həllini nəzərdə tutan hansısa dərin əməkdaşlıqdanmı söhbət gedir ?

Ümumiyyətlə, Prezidentin özünün təhlükəsizliyi baxımından indiki anda baş tutan səfərdə risklər yoxdurmu?

Düşünmək olar ki, Putinin bu günkü müraciətindən sonra MDB məkanında yeni düzən formalaşacaq.

Güman ki, Qarabağın taleyi sabah imzalanacaq sənəddən də çox asılı olacaq.

Baş verənlər, real mənzərə bir daha onu göstərir ki, 44 günlük müharibədə qazanılan qələbəmiz asanlıqla başa gəlməyib.

22.02.2022. Bu tarix dünya üçün, Avropa üçün, Rusiya üçün, MDB məkanı üçün, xüsusilə də Azərbaycan üçün uzun illər yadda qalan tarix olacaq".



Xəbər xətti