Neft və valyuta birjaları alt-üst olacaq: Gözlər Qərbin verəcəyi qərarda...

09:59 22 Fevral 2022

Kremlinin son qərarı qlobal iqtisadiyyata təsirsiz ötüşməyib. Şərqi Avropada yarana biləcək daha böyük miqyaslı gərginlikdən təsirlənən birjalarda strateji məhsulların qiymətində artımlar müşahidə edilib.

SİTAT.İNFO-ya açıqlamasında son gəlişmələrin iqtisadiyyata təsirini qiymətləndirən deputat, iqtisadçı alim Vüqar Bayramov bildirdi ki, ötən həftəni 1 bareli 90.70 dollar ilə qapayan Brent markalı neft indi 97 dollara təklif edilir: "Yeni həftədə neft 7 faizə yaxın bahalaşıb. Rusiya rublu da təzyiq altındadır. Dünən hərraclarda dollara nisbətən 76.70 məzənnəsi dəyişdirilən Rusiya pulu 79.45-dək ucuzlaşıb. Bu bir gündə rublun 4 faizə yaxın ucuzlaşması anlamına gəlir. Avro dollara nisbətən cüzi ucuzlaşıb. Avropa pulu son gün 1 faizə yaxın dəyər itirib. Avropanın Şərqində baş verənlər hələlik avrozonaya xüsusi təsir etməyib".

V.Bayramov onu da vurğuladı ki,  istər neft, istərsə də valyuta, xüsusən də rublun məzənnəsi birbaşa Qərbin qəbul etidyi qərarlardan asılı olacaq: "Ağ Evdə və eləcə də Brüsseldə Rusiyaya qarşı sanksiyalar ilə bağlı açıqlamalar veriləsə də hələlik hansı addımların atılacağı dəqiqləşdirilməyib. Bir müddət öncə də Vaşiqtonda Moksvaya qarşı SWIFT-dən çıxarılma kimi sərt sanksiyalar ilə bağlı bəyanatlar verilsə də sonradan okeanın o tayında diplomatik addımlara üstünlük verildi.

Bununla belə, əgər Qərb Rusiyaya qarşı əvvələr bəyan etdiyi sanksiyaları tətbiq edərsə o halda Brent markalı neftin qiyməti qısa zamanda 100 dollarlıq psixoloji həddi keçə və rubl kəskin ucuzlaşa bilər. Bu baxımdan, indi bütün gözlər Vaşinqtondadır".



Xəbər xətti