Ukrayna poliqona və qaz mübarizəsinin nüvəsinə çevrildi: "Uzunmüddətli, yorucu müharibə başlayır"

17:50 22 Fevral 2022

"Ukrayna ABŞ-Rusiya qarşıdurmasının poliqonuna çevrilir. Putinin separatçıları tanımasından sonra bu risk daha da aktuallaşdı".

SİTAT.İNFO xəbər verir ki, bu sözləri politoloq Asif Nərimanlı deyib. 

Onun sözlərinə görə, Qərbin rəsmi cavabı sanksiyaların tətbiqi ilə məhdudlaşır: "Bayden hələki təkcə separatçı bölgələrlə ticarəti qadağan edən qərar qəbul edib, geniş sanksiya paketinin sabah açıqlanacağı gözlənilir. BMT Təhlükəsizlik Şurasının iclası Rusiyanın veto hüququna görə heç bir nəticə vermədi.

İlk praktiki cavab Almaniyadan gəldi: kansler Şolz bildirib ki, “Şimal axını-2” layihəsinə lisenziya verilməsi artıq imkansızdır;

Almanların qərarından iki nəticə çıxır:

Birincisi, ABŞ Avropanı anti-Rusiya cəbhəsində birləşdirdi və Putinin tanıma qərarı bu məsələdə Vaşinqtonun əlinə oynadı;

İkincisi, Rusiya qazını Avropaya daşımaq üçün Ukrayna tranzitindən böyük ölçüdə asılılığı davam edəcək;

Şolzun qərarı Rusiyanı Ukraynadan asılı vəziyyətə salmaq, Putinə təzyiq məqsədi daşıyır. ABŞ isə bununla iki hədəfə nail olur: Qərb blokunu öz çətiri altında formalaşdırır; Avropa qaz bazarında payını artırır və rusları sıradan çıxarmaq imkanı qazanır;

Hərçənd, Avropanın qaz tədarükündə rus qazından imtina etmək perspektivi hələki azdır. Bununla yanaşı, Rusiya Avropa qaz bazarını itirmək niyyətində deyil".

Asif Nərimanlı deyib ki, Moskvanın buna qarşı mümkün gedişlər edəcək:

"Cari dövrdə qaz tədarükünü azaltmaqla Avropanı sıxa bilər: bununla “Şimal axını-2” layihəsinin açılmasına nail olmağa çalışacaq. Uzunmüddətli perspektivdə Ukrayna tranzitinin təhlükəsizliyini təmin etmək üçün bu ölkəyə nəzarəti bərpa etmək istiqamətində hərəkət edəcək. Məhz bu amil Ukraynanı poliqon olmaq riskini daha da artırır: ABŞ rəsmi Kiyevi, Rusiya separatçıları dəstəkləyir və baş verənlər göstərir ki, Ukraynada uzunmüddətli, yorucu müharibə başlayır".

Siyasi şərhçi vurğuladı ki, Ukrayna hər iki tərəf üçün həm də bufer zona rolunu oynayacaq: "ABŞ Rusiya ilə burada döyüşərək, Şərqi Avropa cəbhəsini gücləndirəcək,  Rusiya NATO-nun genişlənməsinin qarşısını Ukraynada alacaq;

Zelenskinin Münhendəki çıxışı bu kontekstdə təsadüfi deyildi".

SİTAT.İNFO



Xəbər xətti