DSMF-nin investisiya fəaliyyətinə nədən zərurət yarandı: Vəsaitləri nə gözləyir?

18:07 19 May 2023

"Prezident İlham Əliyevin müvafiq fərmanı ilə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) və İşsizlikdən Sığorta Fondunun (İSF) investisiya fəaliyyətinin həyata keçirilməsi qaydaları təsdiqlənib. Hazırda İnvestisiya Şurası və İnvestisiya Komitəsinin yaradılması, onların əsasnaməsinin təsdiqi və bu sahədə sistemli işin həyata keçirilməsi məqsədilə investisiya sənədinin hazırlanması istiqamətində iş gedir".

Bunu DSMF-nin sədri Himalay Məmişov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, investisiyalar dövlət zəmanətli istiqamətlərə yatırılacaq: "Burada xüsusi diqqət yetirilməli məqam ondan ibarətdir ki, hər iki fondun investisiyalarını yatıracağı istiqamətlər maksimum dövlət zəmani ilə təmin olunmuş istiqamətlərdir. Çünki hər hansı bir risk olmamalıdır. İnvestisiya istiqamətləri qaydalarda müəyyən olunduğu kimi dövlət qiymətli kağızlarına və istiqrazlarına, Mərkəzi Bankın istiqrazlarına, sistem əhəmiyyətli banklarda depozitlərin yerləşdirilməsinə, eləcə də sadaladığımız qiymətli kağızlardan istifadə etməklə repo və əks-repo əməliyyatlarına yönəltmədən ibarət olacaq".

DSMF-nin investisiya fondu kimi fəaliyyət göstərməsinə münasibət bildirən iqtisadçı ekspert Pünhan Musayev bildirdi ki, bu Fondun əlavə gəlir formalaşdırmasına imkan yaradacaq:

"Prosedur ondan ibarətdir ki, bu dəyişiklik öz növbəsində fondun məzmununa da bir dəyişiklik gətirəcək. Çünki belə bir mexanizmin işə düşməsi uzun illər sığorta yığımları və dövlət büdcəsindən ayırmalar kimi ənənəvi kanallardan maliyyələşən fonda öz vəsaitlərindən gəlir əldə etmək imkanı təmin edir. Bu həm də bazar iqtisadiyyatının fəlsəfəsi ilə də uzlaşır. Hansı ki, bazar sistemində bu təyinatda qurumların sərbəst vəsaitə malik olmaqla bərabər büdcədən də maliyyələşməsi çevik praktika hesab olunmur. Necə ki büdcədən maliyyələşmə arxayınlıq, səhlənkarlıq motivi kimi qiymətləndirilir, sahibinə gəlir gətirməyən vəsait də “ölmüş sərmayə” anlamına gəlir. Həmçinin, gəliri əsasən karbohidrogen satışı kimi davamlı olmayan kanalla formalaşan büdcədən davamlı maliyyələşmə iştahı, riski bir qədər də artırırdı".

İqtisadçı vurğuladı ki, gələcəkdə yaşlı valideynlərin övlad himayəsindən kənarda qalma ehtimalı çox olduğundan pensiya sisteminin əhəmiyyəti daha çox artır: "Nəzərə almalıyıq ki, Azərbaycan ailələri artıq əvvəlki çoxuşaqlı modelə üstünlük vermir, əksər ailələrin maksimum övlad sayı 2 və ya 3 olur. Bu isə o deməkdir ki, perespektivdə valideynlərin heç də hamısı ahıl yaşlarında övlad himayəsindən bəhrələnə bilməyəcəklər. Bu zərurət də təminatlı pensiya sisteminin əhəmiyyətini daha da artırır. Nəzərə alanda ki, gələcəkdə neft-qaz sektoru ilə bağlı pozitiv gözləntilər azdır, beləliklə bu yükü büdcə hesabına qaldırmağın mümkün olmayacağını deyə bilərik. Hazırki əmək bazarı isə qeyri-rəsmi məşğulluğun yüksək miqyası səbəbilə sığorta ödənişləri yolu ilə vəsait cəlb etməyə stimul vermir. Belə olan halda isə fondun potensial resurslardan istifadə etməsi olduqca vacib məsələdir".

P.Musayevin fikrincə, bu qiymətli kağızlar bazarının canlanmasına da səbəb olacaq: " Ancaq, zərurət özünü təkcə gəlirlər və vətəndaşlar sarıdan özünü biruzə vermirdi, məsələnin maliyyə tərəfləri də kifayət qədər önəmlidir. Hansı ki, bu gün fondun vəsaitlərinin investisiyaya cəlb olunması həm də, bu vəsaitlərin qiymətli kağızlar bazarına axın etməsi deməkdir. Bu isə uzun illər aşağı səviyyədə olan qiymətli kağız bazarının canlanmasına da təkan verə bilər. Qiymətli kağızlar bazarına cəlb olunan bu vəsaitlər üçün ən etibarlı “liman” isə dövlət istiqrazları hesab olunur ki, bu da Azərbaycan hökuməti üçün son dövrlər əsas prioritetlərdən olan xarici borcdan daxili borca keçid etməyə əlavə imkanlar yaradır. Göründüyü kimi fəaliyyət özü ilə birgə bir neçə strateji hədəfə də nail olmağı stimullaşdırır. Bu baxımdan dünyada da geniş istifadə olunan belə bir mexanizm üzrə praktiki addımların atılması təqdirəlayiq hesab oluna bilər".

Nərgiz,

Sitat.info



Xəbər xətti