"Şübhəsiz ki, xüsusən son 1 ayda Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasına dair danışıqların intensivliyi həqiqətdir. Burada Qərb platforması sanki önə keçib. Çünki onlar Makronun timsalında ötən il oktyabrın 6-da Praqada görüşlərin növbəti dönəmə zərbə vurduğunu qəbul etdilər. Rəsmi Paris faktiki olaraq regiondakı dinamikaya zərbə vurdu".
Bu sözləri Sitat.info-ya açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc deyib.
Onun sözlərinə görə, Aİ-də çox ciddi xətalara yol verib: "Onlar öz məqsədlərini çox tez açdılar və Rusiya hərbi qüvvələri hansı adla, statusla olmasından asılı olmayaraq gəlib Xankəndidə yerləşibsə bunlar da jandarma adı ilə gəlib bir cinahda yer aldılar və faktiki olaraq Ermənistanın sərhədini Suriya coğrafiyasına, oradakı proseslərə çevirdilər. Yəni müstəvi dəyişdi.
Bu fonda Azərbaycan ilk olaraq Fransanı, çünki prezidentin iradəsi olmadan bir birinin ardınca oranın Senatı və Milli Məclisi Qarabağı tanımaqla bağlı anti-azərbaycan mövqeyi tuta bilməzdi. O cümlədən də YUNESKO-nu xarici siyasət alətinə çevirdilər. Belə şəraitdə bu, artıq Şarl Mişelin özünə bir zərbə kimi qiymətləndirilməlidir. Azərbaycan dövlət rəhbəri dəfələrlə bəyan edirdi ki, bizim üçün proseslərin nizama salınması ilə bağlı toplantıların kimin moderatorluğu ilə aparılmasının önəmi yoxdur. Əsas məsələ Azərbaycanla Ermənistan arasında anlaşmanın yaradılmasıdır".
Millət vəkili hesab edir ki, sülh prosesinin özündə çox böyük bir geopolitik savaş gedir. Güc göstərmələri var: "Regionda pozulmuş düzəni öz xeyirlərinə dəyişmək istəkləri açıq hiss olunur. Burada Rusiya-Ukrayna savaşının elementləri də dərindir. Türkiyədəki seçkilər də önəmli rol oynayır.
Bir məsələni qəbul etməliyik ki, Avropa, NATO və xüsusilə də Avropa Birliyinin qərar qəbul ediciləri bölgədə çoxlu inhisarlar yerləşdirirdilər. Onlar Azərbaycanla Türkiyə arasındakı münasibətlərin dərinliyini bilirlər Türkiyədəki prosesləri Azərbaycanın da izlədiyinin fərqindədirlər. Təsadüfi deyil ki, bir sıra beynəlxalq media orqanlarında "İlahm Əliyev Brüsseldədir, lakin gözü, qəlbi Ankaraya yönəlibdir" başlıqlı məlumatlar yer aldı. Bu o demək idi ki, heç şübhəsiz ki, Qərb dairələri Azərbaycanın bütün resurslarını, gücünü, iradəsini, mənəvi-siyasi mövqeyini necə ki, 2020-ci ildə Türkiyə ölkəmiz üçün göstərmişdi, o cümlədən Ərdoğan. Hazırda da Azərbaycan".
Zahid Oruc qeyd edib ki, bu il sülh sazişi imzalana bilər: "Ancaq bu saziş hansı paytaxtda, kimlərin moderatorluğu ilə olacağı sıradan məsələ deyil. 1920-ci il Moskva müqaviləsi, 1923-cu ildə Qars müqaviləsi və s. Həmin 20-23-cü illər regional və beynəlxalq siyasət üçün vacib olan tarixi müqavilələrlə zəngindir. İndiki dövrdə də bu məsələ öz əhəmiyyətini dünyəvi mənada yenə də saxlayır. Rusiyanın vasitəçiliyi olmadan, onun iştirakı olmadan yalnız Qərb üzərindən son nəticənin hasil olacağını düşünmürəm. Və ya əksinə.
Azərbaycan əlbəttə ki, bu danışıqların monopoliyaya ayrılmasını, müddətin uzanmasını, rəqabət meydanına çevrilməsini istəmir. Ona görə də ölkə rəhbəri deyir ki, bu il sonuncu şansdır ki, bu yöndə addım atmaq olar.
Və nəhayət Avropa Birliyinin platformasında açıq mətnlə 29.8 və 86.6 km² ərazinin tanınmasının bəyan edilməsi və suverenlik məsələsinin də vurğulanması onu göstərdi ki, həqiqətən də irəliyə doğru böyük addım var".
Seymur Bənnayev
Sitat.info