"Bu şəxslərin mülklərinə vergi həcmi artırılmalıdır...!" Əkrəm Həsənov açıqladı

16:39 31 May 2023

"Pensiya yaşının artırılması hazırda dünyada tendensiyadır. Azaldılması isə heç yerdə yoxdur. Ona görə ki, orta hesabla insanlar daha çox yaşayır. Bu faktdır. Azərbaycanda da belədir. Pensiya yaşını ona görə azaltmırlar ki, bizdə də, digər ölkələrdə də pensiya fondlarında vəsait azdır".

Bu sözləri Sitat.info-ya açıqlamasında iqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov deyib. 

Onun sözlərinə görə, insanlar daha çox pensiyaya çıxsalar həmin fondların vəsaiti kifayət etmir: "Pensiya yaşı heç bir halda azalmayacaq, lakin yaxşı olar ki, artırmasınlar. Hazırda kişilərlə qadınların pensiya yaşları eynidir. Ola bilər ki, kişilərin pensiya yaşı azaldılsın. Ona görə ki, kişilər orta hesabla qadınlardan daha az yaşayırlar. Lakin bu da inanmıram ki, qəbul ediləcək".

Ekspert açıqlamasında aparıcı ölkələrdə əhalinin pensiya yaşının azaldılmasını istədiyini vurğulayıb: "Bizdə isə əksinədir. Xüsusən də dövlət məmurları. Bizdə belə bir fakt var ki, özəl sektorlarda sırf pensiya yaşına görə işçini işdən azad etmək mümkün deyil, lakin bu, dövlət orqanlarında mümkündür. Pensiya yaşına çatdıqda işçi işdən çıxarılır. Bu da onları qane etmir. Onlar istəyirkər ki, vəzifədə qalsınlar, işləsinlər, korrupsiya ilə məşğul olsunlar. Halbuki dövlət orqanlarında çalışan məmurların pensiyası özəl sektorda çalışanların pensiyasından çox olur. Buna baxmayaraq yenə də pensiyaya çıxmaq istəmirlər".

Ə.Həsənov qeyd edib ki, pensiya kapitalı məsələsi isə aktualdır: "Belə ki, şəxs pensiya yaşına çatdı, lakin bir neçə il sonra vəfat etdi. Bu zaman onun kapitalı varislərinə keçmir. Bir çox ölkələrdə isə bu əksinədir. Digər bir situasiya da var. Bəzi pensiyaçılar hətta 12 ildən də çox yaşayır, pensiya kapitalı qurtarır, lakin yenə də pensiya alırlar. Bunlar əsasən qadınlar olur. Buna görə biz bunu dedikdə əks mövqe kimi bu situasiyanı irəli sürə bilərlər. Lakin hər bir halda, çox yaşayanların sayı az yaşayanların sayından azdır. Bu problemin kökü ondan ibarətdir ki, Dövlət Sosial Müdafiə Fondunun bu məsələ üzrə vəsaiti hər il çatmır. İqtisadi aktiv vətəndaşlar öz gəlirlərimizdən DSMF-na Məcburi Sosial Sığorta Haqqı ödəyir və bunun hesabına orada vəsait toplanır. İndiki pensiyaçılara da oradan ödəniş edilir. Bizlər də pensiyaya çıxanda həmin dövrdə çalışan şəxslərin ödədiyi rüsumlardan bizim pensiyalarımız veriləcək. Lakin bizdən toplanan vəsait hər il pensiyaların verilməsi üçün kifayət etmir. Bunun üçün dövlət büdcəsi əlavə vəsait ayırır. Buna görə də pensiya kapitalının istifadə olunub varislərə verilməsini istəsək DSMF bunun üçün vəsaitin olmadığını bildirəcək. Deməli, bu, bizim ödədiyimiz vergilərdən əlavə dövlət büdcəsindən verilməlidir. Belə olduqda isə yəqin ki, maliyyə naziri də dövlət büdcəsində bunun üçün kifayət qədər vəsaitin olmadığını deyəcək". 

Ekspert bu problemin həlli yolu olaraq bildirib ki, biz bunun üçün vəsait mənbəyi axtarmalıyıq: "Bunun mənbəyi maddi durumu yüksək olan şəxslərin əmlakına vergilərin qoyulmasıdır. Xüsusən də, villaları, malikanələri, iri hektarlarla torpağı olanların mülklərinə. Çünki orada iqdisadi kommersiya fəaliyyəti yoxdur. Orada hər hansı bir sənaye fəaliyyəti və s. yoxdur. Sadəcə yaşayış üçün şəxsi mülk olaraq istifadə edirlər. Onlardan tutulan vergilərin bir hissəsi dövlət büdcəsinə, digər bir hissəsi isə DSMF-nun büdcəsinə getməlidir. Bu problemi yalnız bu yolla həll etmək olar, lakin indiki məqamda inanmıram ki, bu addım atılsın. Çünki bu qərarı qəbul edən insanların özləri həmin villalara, malikanələrə sahib olan məmurlardır".

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti