Sülh müqaviləsindən öncə Qarabağdakı silahlı erməni problemini həll etməliyik - İlham İsmayıl

17:12 2 İyun 2023

"Ermənilər Azərbaycan dövlət  başçısının verdiyi bütün mesajları təhrifedici şəkildə özlərinə çatdırdılar. Mayın 28-də Laçında olan çıxışın ertəsi gün Paşinyan bu  sözləri dedi: "Azərbaycan dövlət başçısının çıxışından belə çıxır ki, biz Brüssel razılaşmasına imza atmayacağıq".

Azərbaycan prezidenti deyir ki, siz şərt irəli sürə bilməzsiniz. Şərt irəli sürsəniz də, bizim şərtlərimiz  keçməlidir. Bizim 5 baza prinsipimiz məlumdur. Amma ermənilər deyirlər ki, "Dağlıq Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyi beynəlxalq müstəvidə həll olunmalıdır". Rəsmi Bakı bu şərti qəbul etmir. Deyirik ki, bu bizim daxili işimizdir. Hüquq da, təhlükəsizlik də veririk, amma onların başa düşdüyü kimi yox. Sabah özlərinin müqəddəratını təyin edə bilməzlər. Azərbaycanda  etnik azlıqlar var, sayları sizdən qat-qat  çoxdur. Onlara münasibət necədirsə, hüquqları nədirsə, sizdə də o cür olacaq. Amma onlar bunu tərhifedici şəkildə təqdim edirlər".

Bu fikirləri Sitat.info-ya açıqlamasında təhlükəsizlik eksperti İlham İsmayıl deyib. 

O vurğulayıb ki, cənab prezidentin dediklərini, Ermənistan xarici işlər nazirliyi də təhrif elədi: "Ermənistan XİN rəhbəri aqresiyyadan, genosiddən,  etnik təmizləmədən danışdı. Guya ki, biz Ermənistana qarşı müharibəyə hazırlaşırıq. Bunların məqsədləri odur ki, sülh müqaviləsi imzalanmasın, məsələ uzansın. Qarabağda, Ermənistanda proses qarışıq, gərgin vəziyyətdədir. Onlar müharibədən sonra nəyəsə cəhd etmək istəyirlər, amma alınmır. Onların başqa yolu qalmayıb. Sülh müqaviləsinə isə konkret şəkildə mane olan var. Biz nə etməliyik bundan sonra? 28 may tarixində İlham Əliyev dedi ki, "bizə vaxt deyin ki, erməni silahlı qüvvələri nə vaxt çıxacaq. Biz də o vaxta uyğun olaraq addımlarınızı ataq. Yox siz vaxt demirsizsə, bizim başqa imkanlarımız var". Deməli vaxtı onlara biz verməliyik . Kişinyovdan sonra Brüsseldə görüş olacaq. Brüssel görüşündən sonra, bir çərçivə sazişinin imzalanması gözlənilir. Bu olarsa, artıq vaxtı biz verməliyik".

İ.İsmayıl vurğuladı ki, biz bu yayı buraxmamalıyıq: " Gözlənilir ki, bütün bu görüşlərdən sonra, ən yaxşı halda noyabrda və ya ilin sonunda sülh müqaviləsi imzalansın. Amma biz o vaxta qədər Qarabağla bağlı paralel siyasətimizi dövlət başçısının dediyi kimi aparmalıyıq. İlk növbədə erməni silahlı qüvvələrini çıxarmalıyıq. Artıq erməni silahlı qüvvələrinin çıxarılması məsələsini bilirsiz hansı kontekstdə qoymaq lazımdır. Sülh müqaviləsinin imzalanmamasına ən böyük əngəl erməni silahlı qüvvələrinin Azərbaycan ərazisində qalmasıdır. Onun adını istədiləri qədər "müdafiə ordusu" qoysunlar. Mirzoyan istədiyi qədər desin ki, "Yox o Ermənistan silahlı qüvvələri deyil, o "artsax "müdafiə ordusudur". Onu kim maliyyələşdirir, kim silahla təmin edir?  Hamısını Ermənistan Müdafiə Nazirliyi... Bizim üçün, fərqi yoxdur. Bəyanatda yazılıb ki, erməni silahlı qüvvələri çıxarılmalıdır. Orada Ermənistan Respublikası sözü yoxdur. Biz onlara qarşı anti-terror əməliyyatını keçirmək, nöqtə əməliyyatından başlayıb daha lokal və genişmiqyaslı təmizlənmə işlərini görməyi şərt kimi  qoymalıyıq. Əks təqdirdə bu yenə zaman aparacaqdır. Mən inanmıram ki, biz bu məsələləri sülh müqaviləsindən sonraya saxlayaq. Çünki,  bu çox maneələr yaradacaq. Biz paralel şəkildə təzyiqlərimizi davam etdirməliyik. Həm Qarabağla bağlı, həm də sülh müqaviləsinin imzalanmasının şərtləri ilə bağlı. Hələ ki, vəziyyət bizim üçün belədir". 

Ayna Fərhad,

Sitat.info



Xəbər xətti