"Rusiya-Ermənistan münasibətləri bir qədər gərginləşmiş kimi görünür. Lakin tam şəkildə demək olmaz ki, Ermənistan açıq-aydın Rusiyaya qarşı çıxır. Çünki nə özünün gücü yoxdur, nə də Ermənistana ciddi və açıq dəstək verən yoxdur. Ukraynaya verilən dəstək Ermənistana verilsəydi, bəlkə də Rusiyaya qarşı çıxardı. Lakin bunların heç biri yoxdur. Rusiyanın da oradakı mövqeləri güclüdür. Hərbi kontingent sülhməramlı adı altında oradadır. Ona görə də Rusiyanın Ermənistana təsir etmək imkanları çoxdur".
Bu sözləri Sitat.info-ya açıqlamasında Azad Vətən Partiyasının başqanı Akif Nağı deyib.
Onun sözlərinə görə, Ermənistanın son zamanlarda keçirdiyi görüşlərə baxdıqda görünür ki, Rusiya ilə aralarında ziddiyyətlər var: "Sonuncu dəfə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan açıqlama verdi ki, Naxçıvanla Azərbaycanın digər əraziləri arasında çəkiləcək dəmir yolu və digər yolların nəzarətini Rusiyanın sərhəd xidmətinə vermək fikirləri yoxdur. Qeyd edək ki, 10 noyabr 2020-ci il bəyanatına görə ruslar bu xidməti həyata keçirməlidirlər. Daha sonra Paşinyanın açıqlamasında bu məsələyə qarşı daha yumşaq görsəndi. Bu məsələlərin müzakirə edilməsinin lazım olduğunu bildirdi. Təbii ki, Qriqoryanın sözləri də Paşinyanın istəkləridir".
A.Nağı hesab edir ki, münasibətlərin nə dərəcədə kəskinləşəcəyini demək çətindir və inandırıcı deyil: "Rusiyanın Ermənistana çox ciddi təsir etmək imkanları var. Qərb tərəfdən də Rusiyaya qarşı dayanması üçün ciddi dəstək yoxdur. Hesab edirəm ki, hadisələr: Ermənistanın mövqeyi, Azərbaycana qarşı apardığı siyasətlə bağlı proseslər hələlik Rusiyanın diktəsi ilə gedəcək.
Azərbaycanın mövqeyinə gəlincə, partiya sədri vurğuladı ki, Azərbaycan Rusiya ilə də, Qərblə də məsafə saxlayır: "Hər ikisinin mövqeyindən yararlanmağa çalışırıq. Bu Rusiyanın regionda Azərbaycanın apardığı siyasətə mane olmaması üçün çox vacibdir. Rusiya Azərbaycana qarşı hələlik ciddi şəkildə qarşı dayanmır. Çünki Rusiyanın da öz maraqları var. Rusiya hərbi kontingentini sülhməramlı adı altında regionda saxlamağa çalışır. Lakin təbii ki, buna Azərbaycanın razılığı olmalıdır. Hətta son iki ildə sülhməramlıların saxlanılması sual altındadır".
Partiya sədri onu da diqqətə çatdırdı ki, artıq Rusiya Azərbaycanın mövqeyi ilə hesablaşır: "Yaxın gələcəkdə proseslərin necə cərəyan edəcəyini proqnozlaşdırmaq çətindir. Ola bilər ki. Ermənistan KTMT-dən çıxmaqla bağlı müəyyən fikirlər səsləndirsin. Lakin Ermənistan buna nail ola bilməyəcək. Ermənistan bundan sadəcə Rusiyaya müəyyən mənada təzyiq vasitəsi kimi istifadə edəcək. Rusiyanın çökdüyü aydın şəkildə hiss olunduqda Ermənistan müəyyən addımlar atacaq. Lakin hələlik indiki şəraitdə Rusiya ilə Ermənistan arasında əlaqələrin kəsilməsi gözlənilmir".
Seymur Bənnayev,
Sitat.info