Azərbaycanda sosial -iqtisadi problemlərdən biri də işsizlik səviyyəsinin yüksək olmasıdır. Rəsmi rəqəmlərdə tam əks olunmasa da, pandemiya dövründə ölkədə işsizliyin hansı səviyyədə olduğu öz əksini tapdı. Bəs görəsən, məşğulluq sahəsində dövlət hansı addımlar atır? Əhalinin məşğulluğunun təmin olunması üçün hansı proqramlar var?
Mövzu ilə bağlı Sitat.info-ya danışan iqtisadçı ekspert Pünhan Musayev bildirdi ki, ölkədə məşğulluğun qanunverici bazası çox gec işlənib hazırlanıb: "Əvvəla nəzərə almaq lazımdır ki, ölkə müstəqilliyini 1991-ci ildə əldə etsə də, “Əmək Məcəlləsi” 8, “Məşğulluq haqqında” qanun 10 il sonra qəbul edilib. Yəni, ölkədə məşğulluq məsələlərinin həlli istiqamətində atılan addımların tarixi 20 ili əhatə edir. Bu müddət ərzində nəzərəçarpan əsas məqam isə 2005-2019-cu illəri əhatə edən “Məşğulluq Strategiyası”nın hazırlanması olub. Sənəddən irəli gələrək, 14 ildə 73 faizi daimi olmaqla 2 milyona yaxın iş yeri yaradılsa da, məşğul əhalinin sayı 876 min nəfər artıb. Rəsmi əmək müqaviləsilə çalışanların sayında qeydə alınan 350 min nəfərlik artımın isə nə qədərinin “ağardılmalar”dan qaynaqlandığı sual doğurur. Odur ki, ya yaradılan iş yerləri işçi qüvvəsinin, ya da işçi qüvvəsi yaradılan iş yerlərinin kriteriyalarına adekvat olmayıb".
İqtisadçı vurğuladı ki, ümumiyyətlə, Azərbaycan iqtisadiyyatının təməllərini təbii ehtiyatlar və karbohidrogen sektoru təşkil etdiyindən, ölkənin əmək bazarına da bu kontekstdən baxmaqda fayda var: "Çünki, neft hasilatı ilə məşğul olan ölkələrdə hökumətlərin əsas iki aparıcı problemi olur ki, onlardan birincisi davamlı və proqnozlaşdırıla bilən gəlir axının təmin edilməsi, digəri isə bu gəlirlərin effektiv şəkildə idarə edilməsidir. Bu baxımdan, resurs bolluğu uzun illər iqtisadiyyatı formalaşdırmaq və ayaqda saxlamağa kömək etsə də, bəzi zəif nöqtələr timsalında “resrus lənəti”nə də töhfə verib. Hansı ki, neft bumu dövrü baş verən misligörünməmiş valyuta axını manatın məzənnəsini kəskin bahalaşdıraraq digər sektorların ticarət və rəqabətqabiliyyətinə mənfi təsir göstərdi. Stimulları məhdud olan digər bölmələrlə neft bölməsinin əsas fərqi ondan ibarətdir ki, bu sektor iş yerləri yaratmaqda o qədər də aktiv deyil. Bu ona görə belədir ki, hasilat sənayesində işlərin əksəriyyəti qısamüddətli olur. Kəşfiyyat və qiymətləndirilmə mərhələsi isə ixtisası yuxarı, sayı da az olan iş yerlərini əhatə edir. Beləliklə, həmin iş yerlərində də əksər hallarda əcnəbilər çalışır. Bunu ölkənin tədiyə balansına dair statistikasının ilkin gəlirlər bölməsindən də görmək mümkündür. Həmin statistikaya əsasən neft-qaz sektoru üzrə hər il ölkənin balansında hardasa 1 milyard dollar kəsir qeydə alınır. Bu isə o deməkdir ki, bu sahə üzrə rezidentlər ölkəyə xarici mütəxəssislərin apardığından daha az vəsait gətirir. Bu yerdə ortaya maraqlı bir məqam da çıxır. Əgər fəaliyyət əcnəbilərdən təşkil olunursa, deməli kadr hazırlığında beynəlxalq səviyyəyə uyğun tədris həyata keçirilmir. Bəs onda dövlət niyə hər il minlərlə tələbənin öz hesabına belə bir təhsili almasında maraqlı olur? Hətta onlara proses boyu təqaüdlər də verilir. Bir halda ki, əmək bazarının ehtiyacları xarici mütəxəssis idxalı ilə qarşılanacaq, buna nə ehtiyac var? Vacib məqam ondan ibarətdir ki, Azərbaycanı dünyada tanıdan neft-qaz sahəsində vəziyyət belədirsə, başqa sahələrin durumunu təxmin etmək o qədər də çətin olmur. Ümumiyyətlə, iqtisadiyyatda əlavə dəyər yaradan sektorun Abşeronda təmərküzləşməsi də respublikanın rayonları arasında bu sahədə ziddiyyətləri bir qədər də artırıb".
P.Musayev vurğuladı ki, optimizm üçün müəyyən ümidlər var: "Paradoksal səslənsə də, bu ümidlər neft hasilatı və ixracının ildən ilə azalması, təbii qazla bağlı yüksək gözləntilərə rəğmən neftin yaratdığı əlavə dəyəri əvəz edə bilməməsindən irəli gəlir. Belə vəziyyətdə məşğulluq yaradan qeyri-neft sahələrinin inkişaf etdirilməsi qaçılmaz olur. Bunu nəzərə alaraq, hökumət “2022-2026-cı illər üçün sosial-iqtisadi inkişaf Strategiyası”nda da ortamüddətli dövrdə məşğulluğun artırılmasına xüsusi önəm verib. Ancaq, əsas məsələ dövlətin işyerləri yaratması deyil, məşğulluq yaradan özəl sektorun təşviq edilməsidir. Çünki dövlətin yaratdığı iş yerləri əsasən aşağı əlavə dəyər və zəif məhsuldarlıqla xarakterizə olunur. Bu baxımdan dövlət daha çox təşviq və monitorinq məsələlərinə önəm versə, daha yaxşı olar məncə. Məsələn, hər il iqtisadiyyatda bir neçə min iş yeri bağlanır. Buna dair təhlillər aparılırmı, səbəblərə dair lazımi ölçülər götürülürmü? Bütün bunlar onu göstərir ki, məşğulluq mövzusu onun sosial-iqtisadi, psixoloji və habelə siyasi məzmunu nəzərə alınmaqla, emperik şəkildə ciddi araşdırılmaya ehtiyac duymaqdadır".
Nərgiz,
Sitat.info