Azərbaycanda hər zaman postneft dövrü iqtisadiyyatının necə olacağı ilə bağlı müzakirələr gedir. Neft gəlirləri kəskin azalarkən, ölkənin əsas valyuta gəlirlərinin hansı sahələrdən əldə ediləcəyi ilə bağlı suallar açıq olaraq qalır. Neftin qiymətinin ucuzlaşdığı dövrdə bu müzakirələr artsa da, qiymətlərin büdcədə planlaşdırılan rəqəmdən yüksək olduğu hazırki dövrdə postneft iqtisadiyyatı ilə bağlı qayğılar arxa plana keçir. Bəs görəsən hökumətin əsas götürdüyü hansı sahələr var ki, onlar növbəti onilliklərdə ölkəmizə valyuta cəlb edilməsində effektiv ola bilər?
Mövzu ilə bağlı Sitat.info-ya danışan iqtisadçı ekspert Rəşad Həsənov vurğuladı ki, hökumət faktiki olaraq, müxtəlif yollarla postneft dövründə də enerji gəlirlərinin davamını təmin etməyə çalışır: "Hazırda neft hasilatı azalır, əvvəlki dövrlərlə müqayisədə məqbul səviyyədə olmasa da, büdcə planlamasından yüksək satılır. Amma paralel olaraq, hökumətin son iki ildə qazdan əldə etdiyi gəlirlər kəskin şəkildə artıb. Hökumət müəyyən dövrdə neftdən azalan gəlirlərin qazdan əldə edilən gəlirlərlə kompensasiya edəcəyini düşünür. Buna paralel olaraq, son dövrlərdə alternativ mənbələrindən əldə olunan enerjinin ixracı, xüsusilə də Avropaya ixracı strategiyada öz yerini tapmaqdadır".
R.Həsənov vurğuladı ki, hökumətdə enerji layihələrinin icrasının uğurlu olacağına inam daha yüksəkdir: "Çünki Azərbaycan hökuməti son 30 ildə daha çox enerji layihələrinin icrasına fokuslanıb. Resurslarını bu istiqamətdə səfərbər etməkdədir , dünyada mövcud olan tələbatı öz maraqları çərçivəsində yönləndirməkdə bacarıqlar əldə edib. Növbəti onilliklərdə də Azərbaycanın resurs mənbələri hesabına əldə etdiyi gəlirlərim mərhələli şəkildə alternativ enerjidən əldə olunan gəlirlərə transformasiyası istiqamətində təşəbbüslər daha da artacaq".
İqtisadçının fikrincə, hökumət yalnız o sahələrin inkişafında maraqlıdır ki, ondan beynəlxalq münasibətlərdə siyasi alət kimi də istifadə edir: "Alternativ mənbələrdən əldə olunan elektrik enerjisinin satışı ilə bağlı uğurlu layihələrin icra edilməsi ehtimalı yüksəkdir".
R.Həsənov hesab edir ki, postneft dövrünə Azərbaycan həm də güclü insan kapitalı ilə getməlidir: "Burada bir nömrəli məsələ insan kapitalıdır. Müasir tələblərə cavab verən kadrlar yetişdirən təhsil sisteminin formalaşmasına kömək edən layihələr maliyyələşməlidir. Xaricdə təhsil proqramları genişləndirilməlidir, kadr tələbatının müəyyən edilməli və bu istiqamətdə təhsil maliyyələşdirilməlidir. Təbii ki, paralel olaraq ölkədə əlavə dəyər yaratma qabiliyyəti güclü olan sahələrin, xüsusilə 4-cü sənaye inqilabı çərçivədə digital texnologiyaların istehsalata cəlb edilməsi, bu məhsul növlərinin istehsalı ilə bağlı layihələrin dəstəklənməsi çox vacibdir. Bu gün dünyada bir neçə ölkə var ki, bunlar yalnız çip istehsalı ilə iqtisadiyyata böyük töhfə verə bilirlər".
İqtisadçı ekspert əlavə etdi ki, digər sahələrdə də iqtisadiyyatın həm üfüqi, həm də şaquli şaxələndirilməsi siyasəti paralel həyata keçirilməlidir: "Bir tərəfdən karbohidrogen məhsullarının emal edilib son məhsul halında satışı ilə bağlı layihələr davam etdirilməli, digər tərəfdən kimya sənayesi, maşınqayırma, eyni zamanda turizm, aqrar sektor, əczaçılıq sahələrin inkişafı üçün də ciddi potensial var. Bu potensial da ciddi dəyərləndirilməlidir. Xüsusilə də biznes üçün əlverişli investisiya mühiti yaradılmalıdır. Dövlətin müxtəlif sahələrdə birbaşa iştirakı uğursuz yanaşmadır, heç zaman özünü doğrultmur. Sadəcə bu gün resurs gəlirləri kifayət qədər yüksəkdirsə, bu hökumətə fiskal siyasət üçün rahat imkanlar açırsa, vergi və rüsum güzəştləri yolu ilə, təşviq və subsidiya alətlərindən istifadə etməklə hökumət biznesin, yerli və xarici investisiyaların prosesə cəlb edilməsində maraqlı olmalıdır. Bu da bugünki şərtlər daxilində mümkün deyil. Bunun üçün həm siyasi, həm iqtisadi, həm də sosial sferada fundamental islahatlarım həyata keçirilməsinə ehtiyac var".
Məğrur,
Sitat.info