"Azərbaycan dəfələrlə Qarabağ ermənilərinə reinteqrasiya ilə bağlı təkliflərini verib. Hətta bir neçə dəfə görüşlər də keçirildi. Lakin sonrakı mərhələdə ermənilər bu görüşləri davam etdirmədi və görüşlərə mane olmağa çalışdılar".
Bu sözləri Sitat.info-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.
Onun sözlərinə görə, Azərbaycan bu gün də Xankəndidə yaşayan erməniləri qazla təchiz etməyə hazırdır: "Biz hesab edirik ki, onlar bizim səhv etmiş vətəndaşlarımızdır. Bunun üçün Azərbaycanın hər bir imkanı var. İmkanların tətbiqi üçün sadəcə Ermənistan tərəfi prosesə mane olmamalıdır və Qarabağda yaşayan ermənilər də öz seçimlərini etməlidirlər: ya Azərbaycan idarəçiliyi altında yaşamalı, ya da bu əraziləri tərk etməlidirlər. Başqa yol yoxdur".
Deputat təchizat məsələsindən də danışıb: "İstər qaz, istər işıq, istərsə də digər məsələlərlə bağlı bütün problemləri Azərbaycan həll etməyə hazırdır. Bunun üçün lazım olan infrastruktur qurulub və hazırda da qurulur. Biz bu prosesə hazırıq. Sadəcə olaraq ermənilər öz yanaşmalarını dəyişməlidirlər.
Seymur Bənnayev
Sitat.info