Elmar Məmmədyarovla SENSASİON MÜSAHİBƏ: "Moskvaya sübut etmək lazımdır ki..."

13:10 29 Avqust 2023

Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov Sitat.info-nun suallarını cavablandırıb.

Həmin müsahibəni təqdim edirik. 

- Elmar müəllim, sizcə, hazırda Ermənistanla danışıqlar niyə nəticə vermir? Prosesə kənar müdaxilələr olmasa, nəticə əldə etmək mümkün olarmı?

- Mən birinci gündəm deyirəm ki, biz Ermənistanla birbaşa danışıqlar aparmağa çalışmalıyıq. Məntiq ondan ibarətdir ki, vasitəçi ölkələr - Avropa İttifaqı, ABŞ, Rusiya əlbəttə ki, öz milli maraqlarına uyğun çalışacaq. Ona görə də, birbaşa Ermənistanla danışıqlar aparmalıyıq. Özünüz də görürsünüz ki, bu istiqamətdə işlər gedir.  Baş nazirlərin müavinləri sərhəddə görüşüblər. Artıq birinci görüş olub. Ermənistan da, Azərbaycan da kənar təsirlər olmadan ikitərəfli danışıqlar aparmalıdır.  Qarabağda yaşayan ermənilərlə də birbaşa danışıqlar aparmalıyıq. Heç kim vasitəçilik etməsin. Baxmayarq ki, İrəvan deyir ki, beynəlxalq qüvvələr iştirak eləsin, ancaq bu da arzuolunmazdır. 

- İlin sonuna qədər sülh sazişinin imzalanacağını düşünürsünüzmü? Azərbaycanın paralel olaraq güc yoluna da əl atması prosesi sürətləndirə bilərmi? 

- Biz İrəvandan səsləndirilən bəyanatların ritorikasına baxsaq və ciddi təhlil aparsaq,  o cümlədən Azərbaycanın verdiyi cavablara da diqqət etsək, görərik ki, sülh sazişindən danışmaq hələ tezdir. İş gedəcək, sazişin mətni üzərində müzakirələr aparılacaq, görüşlər keçiriləcək. Çalışacaqlar ki, hər iki tərəfin tələblərinə uyğun forma tapsınlar, hansısa sözləri, ifadələri düzəltsinlər.  Bu ilk növbədə Paşinyan üçün vacibdir. Çünki hazırda sülh sazişi imzalanmazdan əvvəl o, hansısa  yolla bu məsələni Ermənistan əhalisinə qəbul etdirməlidir. Sübut etməlidir ki, sülh müqaviəsi ən doğru yoldur. Əgər Paşinyan bu sazişi imzalasa, beynəlxalq ictimaiyyət, böyük dövlətlər -ABŞ, Avropa Birliyi dövlətləri ona tam şəkildə dəstək verəcəklər. Yəni, imza atmaq o qədər də çətin iş deyil, ancaq sazişin tələblərini yerinə yetirmək lazımdır. Bu mənada Paşinyana dəstək lazım olacaq.

Ona görə də, hələ sülh sazişindən danışmaq tezdir. Belə fikirlər də səsləndirilir ki, əgər xoş niyyət olsa ilin sonuna qədər sülh sazişi imzalamaq olar. Ancaq “xoş niyyət”lə sazişin mətni arasında ciddi fərq var.  Hansı mətnlə ermənilər bu sazişə razılıq verəcək. Azərbaycan üçün də bu çox əhəmiyyətlidir.

- Sizcə, 5 ilin sonunda Rusiya  sülhməramlıların Qarabağdan çıxarılması prosesinə mane olacaqmı? 

- Bu ən önəmli məsələdir. 2025-ci ilə qədər Rusiyanın sülhməramlı qüvvələrinin taleyini həll etmək lazımdır. Onların Qarabağda qalma müddəti uzadılacaq, yoxsa 5 ilin tamamında çıxarılacaqlar, bu məsələni müəyyənləşdirmək lazımdır. Problemin həlli üçün bir yol tapmalıyıq.

İkincisi, bəziləri deyirlər ki, Rusiya regiondan çıxmaq istəmir. Bəlkə də belədir. Ancaq mənim fikrim budur ki, Rusiya da müxtəlif qüvvələr var. Kremldə  bu məsələyə yanaşma birmənalı deyil, orada da fərqli fikirlər möcuddur.  Bir qüvvə deyir ki, biz gərək Qarabağda silah -sursat və əsgərlə qalaq.  İkinci qüvvə isə deyir ki, gəlin burada iqtisadi inkişafa imkan yaradaq, bütün Cənubi Qafqazda kommunikasiyaları, dəhlizləri açaq. Türkiyəyə, İrana, Çinə və sair istiqamətlərə yollar açılsın. Bu ilk növbədə Azərbaycan üçün  vacibdir. Azərbaycan gərək Moskvaya sübut  etsin ki,  bu yollar açılsa, iqtisadi əlaqələr bu kommunikasiyalar üzərindən olsa, Rusiya yumşaq güclə Cənubi Qafqazda, həm Azərbaycanda, həm Ermənistanda daha güclü olacaq, nəinki hərbi mövcudluğunu saxlamaqla. Hərbçiləri Azərbaycanda saxlamaqla hamının nifrətini qazanacaq, təxribatlar, toqquşmalar olacaq.

Elmar Məmmədyarov Sergey Lavrovun fikrinə şərik olduğunu açıqladı -  17.05.2016, Sputnik Azərbaycan

 

- Elmar müəllim, Lavrovla şəxsi əlaqələrinizin olduğunu demişdiniz. Söhbətlərinizdə Qarabağ mövzusuna toxunmusunuzmu? Lavrovun bu məsələdə şəxsi mövqeyi nədir? 

-  Lavrov yüksək səviyyəli diplomatdır, peşəkardır. Mən onu Nyu-Yorkda işlədiyim vaxtlardan tanıyıram. Ancaq Qarabağ məsələsində, sülhməramlıların fəaliyyəti ilə bağlı mövzularda Xarici İşlər Nazirliyi birinci dərəcəli rol oynamır. Qeyd etdiyim kimi, iki variant gündəmdədir. Rusiyanın Cənubi Qafqazda hərbi güclə, yoxsa yumşaq güclə özünə yer tutması. Rusiyada bu məsələdə ya iqtisadi güclər, ya da hərbi güclər öz sözünü deyəcək.

Mən deyərdim ki, bu məsələlərlə bağlı birbaşa Moskva ilə işləmək lazımdır. Onları inandımaq, onlara sübut etmək lazımdır ki, gəlin bu iqtisadi formulanı  tətbiq edək. Ermənilərə də sübut edək ki, bu sizin də xeyrinizədir. Ermənistanda da, Rusiyada da hamı başa düşür ki, əgər növbəti müharibə olsa, Ermənistanla toqquşma və ya Qarabağda hərbi əməliyyatlar keçirilsə, onlar heç cür burada dayana bilməzlər. Onların elə bir fürsəti də yoxdur, gücləri də yoxdur. İstənilən toqquşmanı birmənalı uduzacaqlar. Bəzən revanşist bəyanatlar səsləndirirlər, mən başa düşürəm ki, bu daxili auditoriyayadır. Kabinetdə oturub  şüar səsləndirirsən ki, Gəncəni də götürəcəyik. Halbuki özlərinin bütün silah-sursat ehtiyatlarını bilirlər. İndi bəzi dövlətlərdən silahlar alırlar. Ancaq heç onları Qarabağa gətirə bilmirlər.

Nərgiz Liftiyeva,

Sitat.info



Xəbər xətti