"Moskvadakı hadisədə ölənlərin sayı 100-ə yaxınlaşır, dəhşətli faciədir, terror alçaq əməldir, günahsız insanların qətli vəhşilikdir, Rusiya xalqına səbr diləyirəm. İndi hamı klassik sual olan “kim edib” ətrafında öz fikirlərini bölüşür, əslində maraqlı suallar “kəmə sərf edir”, və ya, “məqsəd nə idi” olmalıdır. Təəssüf ki, indiki dünyada bu tipli alçaq aksiyaları həyata keçirən çoxsaylı peşəkar qruplar, dəstələr var, bəzən hətta özləri də bilmirlər ki, əslində kimə çalışırlar, sadəcə, muzdlu icraçıdırlar".
Bu sözləri Sitat.info-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.
O bildirib ki, bu hadisə Putinə sərf etmir: "Putinə bu hadisə sərf edirmi – düşünmürəm, əksinə, ən çox ziyan ona dəyir, hələ heç inaqurasiya mərasimini də etməyib, seçkidən həmən sonra bu hadisə ziyandır. Kremlin müxtəlif “qüllələri” edə bilərmi – ola bilər, inaqurasiyadan sonra Putinin hökumətin tərkibini dəyişəcəyi, hətta “güc nazirlikləri” ilə bağlı qərarlar verəcəyi söylənilirdi".
N.Cəfərli hesab edir ki, hadisəni Qərbin planlaşdırdığı ehtimalı üzərində dayansaq, Qərb bu terrorla Putinə ciddi zərbə vurmuş olmayacaq: " Qərbə sərf edirmi – ola bilər, amma bu addımla nəyə nail olacaqdılar ki?! Putin zəifləyəcəkmi, Rusiya cəmiyyəti ayağamı qalxacaq – düşünmürəm, əksinə, Kreml bu hadisədən daxili təmərküzləşmə üçün istifadə edəcək.
Ukraynaya sərf edirmi – məntiqlə, hə, amma əks effekt verə, Kreml daha dağıdıcı zərbələr vura bilər. Məncə, Ukrayna indi ən azı XİN səviyyəsində Rusiya xalqına (hökumətinə yox ha, məhz xalqına) başsağlığı versə, udarlar. Ümumiyyətlə, Ukrayna təbliğatının ən zəif və özlərinə böyük ziyan vuran tərəfi o oldu ki, tək Kremli, Rusiya hakimiyyətini deyil də, cadə camaatı, xalqı hədəf alıb aşağıladılar, Rusiyada 30 mln. vətəndaşın Ukrayna ilə qohumluq əlaqələrinin olduğunu, 10 mln. nəfərə yaxın etnik ukraynalıların yaşadığını nəzərə alıb ictimai rəyə müsbət təsir etməyə çalışmadılar, bütün xalqı suçladılar, bu Ukrayna hakimiyyətinin son illərdə çoxsaylı səhvlərindən biri oldu".
İqtisadçı qeyd edib ki, dünyanın harasında olursa-olsun, kimlərə qarşı, kimlərin etdiyindən asılı olmayaraq dinc əhaliyə qarşı terror mənfur və alçaq hadisədir, sərt qınanılmalıdır".
Türkan,
Sitat.info