PKK Tükiyə üçün indi də bu şəkildə təhdid yaratmağa çalışır...

14:22 27 Mart 2024

"Türkiyə 1984-cü ildən bu yana terrorçu PKK təşkilatı ilə mübarizə aparır. PKK uzun illər Türkiyə ərazisində terror əsdirib, xəndəklər qazıb, yollar kəsib, partlayışlar törədib, polis və hərbçiləri pusquya salıb və bu minlərlə insanın həlak olmasına gətirib. Türkiyə son illərdə inkişaf etdirdiyi hərbi texnologiyalar sayəsində PKK-ya ünvanlı zərbələr endirir. PKK-ın Türkiyənin içində fəaliyyət imkanları xeyli daralıb. Türkiyə ordusu terrorçularla qonşu Suriya və İraq ərazisində mübarizə aparır, bu ölkələrdəki məntəqələrinə və ayrı-ayrı üzvlərinə qarşı dron zərbələri endirir".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. 

O bildirib ki, PKK Türkiyə ordusundan aldığı ağır zərbələrin intiqamını Avropa ölkələrində türklərə hücumlar təşkil etməklə almağa çalışır: "Bu 1990-cı illərin sonunu xatırladır. PKK lideri Abdullah Öcalan həbs olunaraq Türkiyəyə gətirildikdən sonra terrorçular Avropa ölkələrində Türkiyə səfirliklərinə və türklərin restoranlarına hücumlar təşkil edirdilər. Ancaq bir müddət sonra terrorçular dayandılar. Çünki, onlara dəstək verən Avropadakı mərkəzlər PKK tərəfdarlarını anlatdılar ki, onların türklərə hücumları həmin ölkələrin sabitliyini pozur və buna seyrçi qala bilməyəcəklər".

Politoloq vurğulayıb ki, PKK yandaşları da Avropadakı bir qrup mərkəzin maliyyə dəstəyindən məhrum olmamaq üçün təxribatlarına ara verdilər: "Bu dəfə də belə olacaq. Avropadakı eyni mərkəzlər PKK yandaşlarına sabitliyi pozmamaq əmrini verdikdən sonra terrorçular dayanacaqlar. Əks halda Avropa ölkələrindəki PKK yandaşlarına qarşı türklər müqavimət qrupları yaradacaqlar".

Məğrur,

Sitat.info



Xəbər xətti