"Putin bilir ki, azərbaycanlılar olmasa ölkə bazarları dayanar" - Politoloq

22:28 27 Mart 2024

Moskvada "Krokus siti hall"dakı terror hadisəsindən sonra rus hökuməti miqrantlara qarşı reydlər keçirir. Artıq bir neçə gündür ki, xarici vətəndaşlar deport edilirlər.

Bildiyiniz kimi Rusiyada 3 milyondan çox həmyerlimiz yaşayır. Hamını bir sual düşündürür. Məlum terror hadisəsindən sonra Rusiyada yaşayan azərbaycanlılar da deport edilə bilərmi?

Mövzu ilə bağlı politoloq Qabil Hüseynli Sitat.info-ya açıqlama verib. 

Politoloq deyib ki, Rusiya hökumətinin azərbaycanlıları deport etməsi mümkünsüzdür:

"Rusiya yaxşı başa düşməlidir ki, Rusiyanın daxili bazarında ərzaq təchizatının 80%-ni həyata keçirən azərbaycanlılardır. Azərbaycanlılar Rusiyadan çıxarılarsa, bazar boş qalacaq. İnsanlar yeməyə heç nə tapmayacaq. Azərbaycanlılar diribaş, zirəkdirlər, yerin altından da olsa, qida tapa bilərlər. Azərbaycanlılar Rusiyanın qan-damar sistemidir".  

Politoloq qeyd edib ki, Putin bilir ki, azərbaycanlılar olmasa, Sankt-peterburqdan Vladivostoka qədər bütün bazarların fəaliyyəti dayana bilər. Belə olarsa mövcud qıtlıq daha da artacaq. Qıtlıq hiss olunmayan yerlərdə isə, qiymətlər olduqca yüksəkdir. Digər kənar ərazilərdə isə vəziyyət daha mürəkkəbdir".

Kənan Yusif 

Sitat.info



Xəbər xətti