"Erdoğana diktator deyənlər bir az utansınlar" - Natiq Cəfərli Türkiyədəki bələdiyyə seçkilərindən danışdı

15:39 1 Aprel 2024

Türkiyəyə diktatura, Erdoğana diktator deyənlər bir az utansınlar, dürüst seçki keçirən, uduzduğunu qəbul edən, səsə, seçiciyə önəm verilən yerdə diktatura ola bilməz".

Sitat.info xəbər verir ki, bu sözləri REAL partiyasının icraçı katibi Natiq Cəfərli Türkiyədə martın 31-də keçirilən bələdiyyə seçkilərinə münasibət bildirərkən deyib.

 O vurğulayıb ki, Azərbaycan seçki sistemi də daxil olmaqla, idarəetmə təcrübəsində Türkiyədən nümunə götürməlidir: "Qardaş Türkiyəni ordu quruculuğunda örnək alırıqsa, təhlükəsizlik konsepsiyasında, xarici siyasətdə birgə addımlayırıqsa, idarəetmə sistemlərimizi də uyğunlaşdırmalıyıq – yerli özünüidarə sisteminə keçməli, Mer institutunu təsis edib birbaşa seçkilər keçirməli, paralel olaraq da 14 iqtisadi rayonu inzibati ərazi vahidinə çevirərək Valilik (Prezidentin şəxsi nümayəndəsi) institutu yaratmalıyıq. Türkiyə dünən demokratik ölkə yolunda addımladığını göstərdi, bu seçkidən sonra Türkiyənin Qərblə yaxınlaşması sürətlənəcək, iqtisadiyyatda yaranmış problemlərin tədricən həll edilməsinə şahidlik edəcəyik".

N.Cəfərli hesab edir ki, Azərbaycan hökuməti Türkiyə ilə münasibətlər çərçivəsində CHP və özəlliklə Əkrəm İmamoğlu ilə münasibətlərin formalaşmasını da ertələməməlidir: "Bu seçki həm də 2028-ci ildə Türkiyənin növbəti prezident seçkilərində ən güclü namizədin adını da açıqlandı – İmamoğlu. Ekrem bəy Erdoğanın siyasi karyerasını eynilə təkrarlayacaq – o da İstanbulda Mer olduqdan sonra siyasətin 1 nömrəsi oldu, son 22 ildə ölkəni idarə etməyi bacardı. Azərbaycan da bunu anlamalı dövlətlərarası münasibətlərdə İmamoğlu faktorunu indidən hesaba qatmalıdır. Bundan başqa, ümid edirəm ki, qardaş Türkiyənin demokratiyaya yaxınlaşması, Azərbaycanın Türkiyədən uzaqlaşmasına səbəb olmayacaq. Türkiyədə dünənki seçki həm də Klıcdaroğlunun ciddi məğlubiyyəti, köhnə CHP zehniyyətinin bitməyə doğru getməsi ilə yadda qaldı. CHP getdikcə daha çox siyasi olaraq “mərkəzə” yaxınlaşacaq, “soldan” addım-addım uzaqlaşıb “mərkəz” olacaq".

Məğrur,

Sitat.info



Xəbər xətti