"Azərbaycanda təhlükəsizlik tədbirlərini gücləndirməyə ehtiyac var" - Politoloqdan İrana sərt təpki

14:25 2 Aprel 2024

"Yaxın Şərqdə aləm bir-birinə qarışıb, lokal toqquşmaların sayı artıb. Bu arada, İsrailin Suriyada İran konsolluğunun yanındakı iqamətgahı vurması nəticəsində 11 nəfər həlak olması gərginliyi daha da artıracaq. Ölənlərdən 7-si SEPAH-ın hərbi müşavirləridir. İsrail əvvəllər də İran İslam Keşikçiləri Korpusunun Suriyadakı mövqelərinə zərbələr endirirdi, ancaq bu dəfə konsulluq binası hədəf seçilib".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. 

O bildirib ki, Tehran cavab aksiyası planlaşdırır, İsrailə birbaşa əli çatmadığına görə bölgədəki təsiri altındakı silahlı qruplar vasitəsilə zərbələr həyata keçirməyə çalışacaq: " Bu arada, İrandakı millət vəkillərindən biri Cəlal Rəşidi Kuç İsraildən intiqam alınması vacibliyindən danışarkən absurd və təxribatçı təklif irəli sürüb: “İsrailin Azərbaycandakı səfirliyinə hücum təşkil etmək lazımdır. Mənim təklifim odur ki, sionistlərin region ölkələrinin diplomatik mərkəzlərindən biri, daha yaxşısı Azərbaycandakı diplomatik nümayəndəliyi açıq və birbaşa hədəfə alınsın”. Millət vəkilinin bu cümləsindəki “daha yaxşısı” söz birləşməsi atmacadır, yəni yenə də İsraillə Azərbaycan arasındakı tərəfdaşlığa işarə edirlər".

E.Şahinoğlu vurğuladı ki, Azərbaycanın İrandakı səfirliyinə terror hücumu azmış kimi, indi də İsrailin Azərbaycandakı səfirliyinə terror həyata keçirməyə çağırış edirlər:  "Buna ciddi yanaşmaq lazımdır. Bu cür təxribatçı çağırışlara İranı idarə edənlər sakit yanaşırlarsa, demək elə özləri də həmin deputat kimi düşünürlər. Bütün hallarda Azərbaycanda təhlükəsizlik tədbirlərini gücləndirməyə ehtiyac var".

Səid,

Sitat.info



Xəbər xətti