Azərbaycan prezidenti İlham Əliyevin bu yaxınlarda Ermənistanla bağlı “Biz sülhə həmişəkindən daha yaxınıq” bəyanatından sonra Ermənistanın baş naziri Nikol Paşinyandan da müsbət mesaj gəlib.
Paşinyan “Türkiyə və Azərbaycanla düşmənçiliyə son verməliyik” - deyib.
Sitat.info xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə və Azərbaycanla bağlı ölkəsinə mesaj verib. Paşinyan deyib ki, Türkiyə və Azərbaycanla düşmənçiliyə son verməyin vaxtıdır.
Paytaxt İrəvanda mətbuat konfransı keçirən Ermənistanın baş naziri regiondakı vəziyyəti Ermənistanla Azərbaycan arasında davam edən sərhədin demarkasiyası ilə bağlı araşdırmalar fonunda dəyərləndirib.
O, vurğulayıb ki, Ermənistan Türkiyə və Azərbaycanla düşmənçiliyi idarə etmək, azaltmaq və bitirmək istəyir: "Ermənistanın ətrafında təhlükəsizlik təminat sisteminin işləmədiyini nəzərə alaraq, biz dinc gündəmi qəbul etdik. Çünki sülhün bərqərar olması ölkəmizin təhlükəsizliyini təmin edə bilər. Sülh gündəmi təhlükəsizlik vasitəsi kimi qəbul edilib".
Azərbaycanla sərhədin müəyyən edilməsinin Ermənistan üçün təhlükəsizlik təminatları yaratdığını deyən Paşinyan bu sözləri əlavə edib: "Ermənistanın Tavuş bölgəsindən başlayaraq sərhədin işarələnməsi və dirəklərin qoyulması prosesi 90 faiz tamamlanıb. Bu iş irəlilədikcə, təhlükəsizlik təminatlarının formalaşdığına və müharibənin gündəmdən çıxdığına inamımız daha da güclənir".
Nərgiz,
Sitat.info