Qusarın deputatı “yaşıl soyqırım”dan danışdı: "Araşdırma aparılır, hüquqi qiymət veriləcək..."

16:25 9 May 2024

Bir neçə gündür ki, ekofəallar Qusar şəhər meşəsindəki "yaşıl soyqırım"la bağlı çoxsaylı video və fotolar  paylaşırlar. Hətta bununla bağlı ölkə başçısına da müraciət ediblər.

Mətbuatda da meşədə ərazinin satın alınması və ağacların kəsilməsi ilə bağlı yazılar da dərc olunub. Sosial şəbəkələrdə  bu hadisə rezonans doğurub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Sitat.info-ya açıqlamasında yayılan xəbərləri təsdiqləyib, kəsilən ağacların 2023-cü ilə aid olduğu bildirilib. Qeyd olunub ki, bu barədə tədbirlər görülür. 

Ekofəallar nazirliyin açıqlamasından sonra Sitat.info-ya 2024-cü ilin yanvar ayında ağacları kəsildiyi zaman çəkilən videoları göndəriblər. Həmin an mübahisə də yaşanıb. Bir şəxs ərazinin ona məxsus olduğunu bildirib, hətta çıxarış aldığını deyib.

"Sitat.info"nun əməkdaşı məsələ ilə bağlı Qusarın deputatı Azər Badamovla əlaqə saxlayıb. Deputat hadisə ilə bağlı ona heç bir müraciət olunmadığını bildirib:

"Bununla bağlı bizə müraciət olunmayıb. Amma aldığım məlumata görə orada kütləvi ağac kəsilməsi baş verməyib. Müvafiq dövlət orqanları  məsələ ilə bağlı artıq araşdırma aparır və hüquqi qiymət veriləcək. Qanunsuz şəkildə ağacların kəsilməsi, yaşıllıqların məhv edilməsi yol verilməzdir. Təbiəti hamı qorumalıdır".

Seymur,

Sitat.info

Ekofəalların Qusar meşəsindən çəkdiyi videoları təqdim edirik:

 

 



Xəbər xətti