Keçdiyimiz həftə Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turu keçirildi. Qarşılaşmaların nəticələri futbol azarkeşləri arasında mübahisələrə səbəb oldu.
İdman eksperti, "Kəpəz" futbol komandasının keçmiş baş məşqçisi Etibar İbrahimov Sitat.info-a verdiyi müsahibədə mübahisəli sualları cavablandırdı. Onun sözlərinə görə, böyük klubların məğlubiyyəti böyük olur.
"Bir mütəxəssis kimi, bəli, mənim üçün oyunlar gözlənildiyi kimi gedir. Çünki böyük klublarının məğlub olması o qədər sürpriz deyil. Bu keçən ilki Çempionlar Liqasında da görünürdü. İki il, üç il, beş il bundan qabaqkı Real Madrid kimi, Barselona kimi, Bavariya kimi böyük klublar qrup oyunlarında məğlub olurdular. Bu da süpriz deyil".
Etibar İbrahimovun sözlərinə görə, böyük klubların əsas şikayəti oyunların çox olmasıdır: "Etiraf edək ki, artıq uzun illərdir "Böyük beşlik" komandaları oyunlarının çox olması ilə bağlı şikayətlənir: Daxili çempionat, Çempionlar Liqası, ölkə kuboku, və digər kubok oyunları var. İndi daha da oyunlar çoxaldı. Bu gün Real Madrid, Bavariya, fərq etməz, "Böyük beşlik" klubları 13-15 gün ərzində beş oyun keçirir, bu da həqiqətən də çox böyük yükləmədir. Nəzərə alsaq, məsələn, "Real Madrid" - "Atletiko Madrid"lə oyunda 1-0 öndə idi, 95-ci dəqiqədə qol buraxdı.
Müsahibimiz hesab edir ki, böyük klublar matç zamanı az dəyişiklik edərək sonrakı oyun üçün ehtiyatlı davranırlar: "Real Madrid Lill-ə qarşı hücumçusunu dəyişmişdi. Həmin sistem baxımından "4-4-1" ilə oynamışdılar. Artıq "4-2-3-1"-ə keçiblər. Bəli, müəyyən sistem rotasiyaları olur. Ancaq futbolçu rotasiyaları çox etmirlər. Çünki onlar da hər bir turnirdə uğur qazanmaq istəyirlər. Ancaq etiraf edək ki, belə məğlubiyyət olacaq, çünki futbolçular həqiqətən də çox yüklənirlər. Həmin məsələlər həm də "Bavariya" aiddir. Birinci oyun 9 -2 hesabı ilə "Dinamo Zagrebi" acı məğlubiyyətə uğratmışdı və eyni zamanda da indi Aston Villaya məğlub oldu."
E.İbrahimov əlavə etdi ki, sonrakı turlarda sensasiyalar gözlənilir: "Sonrakı oyunlarda müəyyən komandalar artıq xal ehtiyatını o qədər yüksəldəcəklər ki, növbəti oyunlarda ikinci heyət futbolçularına müraciət edəcəklər. Təzyiq altında oynayan koman,dalar olacaq ki, xal lazım olsa da müəyyən oyunlarda məğlub olub, ilk 8-liyə, 16-lığa düşə bilməyəcəklər. Onda artıq komandalar müəyyən risklərə gedəcəklər və bu zaman da gözlənilməz nəticələr olacaq".
Türkanə Muradlı
Sitat.info