İsrailin İrana hücumu ilə yeni müharibə başlaya bilərmi?

16:30 26 Oktyabr 2024

"İsrail -İran müharibəsi genişləndirilməsi gözlənilmir. İsrail Irana axşam qırıcılarla və PUA ilə hücum edib. Neft və nüvə obyektləri istisna olmaqla hərbi hədəflər vurulub. Bu hücum arxasında ABŞ dayanıb. ABŞ eskalasiyanın genişləndirilməsinə yol verməyəcəyini elan edib".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki, İran da müharibənin genişləndirilməsində maraqlı deyil: "Müharibənin qarşılıqlı zərbələr nəticəsində genişləndirilmə ehtimalı yoxdur. Rusiya -Ukrayna müharibəsi fonunda ABŞ İranla müharibənin genişləndirilməsində maraqlı deyil. Yeni müharibə Rusiyanın Ukraynada uğurlarına gətirib çıxara və Vaşinqtonun geosiyasi mövqelərini zəiflədə bilər. Yaxın Şərqdə ərəb ölkələri daxil olmaqla alov topuna çevrilər".

Politoloq hesab edir ki, İran İsrailin hazırkı hücumunu gözləyirdi: "Ona görə də bütün tədbirləri almışdı. Qeyd edim ki, İran hakimiyyəti də HƏMAS və Hizbullahdan əlini üzüb".

Politoloq Elxan Şahinoğlu da hesab edir ki, İsrail cavab zərbəsi endirməsinə baxmayaraq İranla müharibənin davamlı olmasını istəmir: "İlkin məlumatlara görə, İsrail İranın uranın zənginləşdirilməsi və neft istehsalı mərkəzlərinə zərbə vurmayıb. Digər tərəfdən itkilər barədə səhih məlumat yoxdur. Bu o deməkdir ki, İsrail ABŞ-ın da məsləhətini nəzərə alaraq İrana məhdud zərbə vurub və Yaxın Şərqdə indiki şərtlər altında hələ ki, bu ölkə ilə müharibənin davam etdirilməsini istəmir. Məsələnin bununla da yekunlaşması Tehrandan asılı olacaq. İrandakı rejim İsraillə davamlı müharibədən çəkinir. Ona görə, İsrailin zərbələrinin İranın hərbi infrastukturuna ciddi xələl yetirilmədiyi müəyyənləşərsə Tehran düşməninə qarşı növbəti zərbədən çəkinəcək. Ancaq bu son olmayacaq. İsrail Yaxın Şərqdəki düşmənlərinə qarşı müharibəni davam etdirir, İranın müxtəlif ölkələrdəki silahlı qruplarını neytrallaşdırır. Deməli, hansısa mərhələdə İran-İsral qarşdurması yenidən qaçılmaz olacaq".

Məğrur,

Sitat.info 



Xəbər xətti