"Şimali Koreyanın Rusiya-Ukrayna müharibəsinə hərbi dəstək verməsi, 12 min əsgərin Ukraynada döyüşmək üçün Rusiyaya göndərməsi Qərbdə ciddi narahatlığa səbəb olub. Analitiklər, Şimali Koreyanın Rusiyaya silah və texniki dəstək verməsinin regional təhlükəsizlik balansını dəyişdirəcəyini bildirirlər. Bu addımın nəticəsi olaraq Qərb, hər iki ölkəyə qarşı daha sərt sanksiyalar tətbiq edə və müttəfiqləri ilə birgə təhlükəsizlik tədbirlərini gücləndirə bilər. Hazırda beynəlxalq ictimaiyyət, mümkün əməkdaşlığın təsirini yaxından izləyir. Bəs, Şimali Koreyanın Rusiya tərəfindən müharibəyə cəlb olunmasına Qərbin cavabı necə olacaq?
Bu mövzu ilə bağlı Sitat.info-ya danışan siyasi şərhçi Elçin Xalidbəyli qeyd edib ki, Şimali Koreyanın Ukrayna savaşına cəlb olunması Kremlin hiyləgər bir planıdır: " Rusiya siyasi dairələri ABŞ və NATO-ya paralel addımlar atmaq qərarına gəlib. Ukrayna ordusunun silahlandırılması, müasir hərbi texnika ilə təchiz olunması NATO ölkələri tərəfindən təmin edilir. Bu səbəbdən Rusiya siyasi dairələri, ABŞ da daxil olmaqla bütün NATO ölkələrini Ukraynaya dəstək verməkdə, bu savaşa birbaşa müdaxilə etməkdə ittiham edirlər. Hətta son vaxtlar Kremlin açıqlamalarında NATO ölkələri Ukrayna savaşının iştirakçıları kimi təqdim olunmağa başlayıb. Kreml buna qarşılıq olaraq, cavab addımı atmaq niyyətinə düşüb və bəyan edir ki, əgər NATO ölkələri Ukraynaya silah verirlərsə, onda Rusiyanın müttəfiqləri də Rusiyaya hərbi dəstək verməkdə sərbəst olmalıdırlar. Hətta Rusiya siyasi dairələri Fransa başda olmaqla bəzi NATO ölkələrinin Ukraynaya qeyri-rəsmi şəkildə hərbi kontingent göndərdiklərini də iddia etməyə başlamışdırlar”.
E.Xalidbəyli vurğulayır ki, bu açıqlamalardan sonra Şimali Koreyanın Rusiya tərəfindən Ukrayna savaşına cəlb olunması cavab xarakteri daşıyır: "Təbii ki, ABŞ və Qərb Rusiyanın bu addımından ciddi şəkildə narahatdır. ABŞ prezidenti Co Bayden artıq bəyan edib ki, Şimali Koreya hərbçilərinin Ukrayna savaşına göndərilməsi reallaşarsa, onda ABŞ da özünün müttəfiqləri ilə Ukrayna savaşına hərbi kontingent göndərmək məsələsini müzakirə etmək məcburiyyətində qalacaq. Yəni, situasiyanın daha da gərginləşmək ehtimalı qabarıq şəkildə ön plana keçmiş olur. Rusiya nüvə silahı ilə təlimlərə başlayıb.Bu da ABŞ və Qərbə açıq mesajdır ki, Ukraynaya hərbi kontingent göndərərsinizsə, bu qlobal savaşa çevriləcək, hətta nüvə savaşına gətirib çıxaracaq. Kreml NATO ölkələrinin Ukrayna savaşına canlı qüvvə ilə müdaxilə edəcəyi təqdirdə ABŞ və Qərbi açıq şəkildə nüvə zərbəsi ilə təhdid edir”.
Siyasi şərhçi bildirib ki, bu situasiya reallıqda bütün dünyanı çox böyük təhlükə qarşısında qoyacaq istiqamətləri artıq ön plana keçməyə başlayıb: ”Bu səbəbdən, Şimali Koreyanın Ukrayna savaşına qatılmasına ABŞ və Qərbin verəcəyi reaksiya böyük önəm daşıyır. Əgər bu reaksiya canlı qüvvənin göndərilməsi ilə müşaiyət olunacaqsa, deməli, Rusiya hansısa mərhələdə hərbi kontingent göndərmiş Qərb ölkələrinə əvvəlcə strateji hücum silahları ilə, ballistik raketlərlə zərbə endirmək qərarına gələ bilər. Bunun ardınca situasiya qlobal savaşa keçid edə bilər. Əgər Rusiya hiss edərsə ki, bu qlobal savaşda məğlub olaraq sıradan çıxmaq təhlükəsi ilə üzləşir, o zaman Kremlin nüvə düyməsinə basma ehtimalı tamamilə real görüntülər ala bilər”.
Aytac Baxış,
Sitat.info