"Trampın qələbəsi həm dünya, həm də Azərbaycan üçün faydalı ola bilər" - Elman Nəsirovdan MÜHÜM AÇIQLAMA

15:49 2 Noyabr 2024

Son zamanlar bütün dünyanın diqqəti ABŞ-dakı seçkilərə yönəlib. Belə ki, noyabr ayının 5-də ABŞ-da prezident seçkiləri keçiriləcək. Bu seçkilərin nəticələrinin nəinki ABŞ-a, bütün dünyaya təsir edəcəyi məlum məsələdir. Bəs kimin prezident seçilməsi Azərbaycan üçün daha faydalı olar? Namizədlərdən hansının fəaliyyəti Azərbaycanın maraqlarına uyğundur?

Sitat.info-ya açıqlamasında bu sualları cavablandıran deputat Elman Nəsirov  bildirdi ki,  hal-hazırda Trampın mövqeyi daha da möhkəmlənməkdədir: "Noyabr ayının 5-də ABŞ-da keçiriləcək seçkilərdə demokrat Kamala Harris,  yoxsa respublikaçı Donald Trampın qalib gələcəyi məsələsi ətrafında bütün dünyanın ekspertləri, reytinq təşkilatları, sorğu mərkəzləri mübahisələr aparırlar və cürbəcür versiyalar irəli sürürlər. Hal-hazırda Trampın mövqeyi daha da möhkəmlənməkdədir. Xüsusilə də nəzərə alsaq ki, ABŞ-da həm Demokratlara, həm də Respublikaçılara ənənəvi olaraq dəstək verən ştatlar var. Məsələn, Kaliforniya hər zaman Demokratların məkanı kimi tanınır. Texas ştatı isə hər zaman respublikaçıları dəstəkləyir. Burada əsas məsələ tərəddüd edən ştatların kimə səs verməsidir. Məsələn, Wiskonsin, Miçiqan, Pensilvaniya, Arizona kimi ştatlardakı səslər seçkinin taleyi müəyyən edir.  Son məlumatlara görə Tramp Kamala Harrisi daha çox üstələməyə başlayıb".

Deputat vurğulayıb ki,ermənipərəst mövqedən çıxış edən Kamala Harrisdənsə, Donald Trampın qalib gəlməsi Azərbaycan üçün daha faydalı olar: "Hesab edirəm ki,Trampın gəlməsi bizim üçün daha faydalıdır. Çünki Tramp üçün xarici siyasət məsələləri 4-cü,5-ci yerdə dayanır. Onun üçün ilk növbədə iqtisadiyyatdır, sosial məsələlərdir, miqrasiya məsələsidir.  Trampın mövqeyi belədir ki, Amerkanı çox yükləmək olmaz. Bu Amerikanın özünü zəiflədir. Belə ki, keçən əsrin 60-cı illərində ABŞ-ın dünya iqtisadiyyatında payı 40 faizə qədər idi. 80-ci illərdə artıq 30 faizə düşdü və hal-hazırda dünya iqtisadiyyatının  təxminən 14,15 faizi ABŞ-ın payına düşür. Yəni, kifayət qədər iqtisadi zəifləmə var. Tramp ayrı-ayrı ölkələrin daxili işlərinə qarışmamaq siyasətinə daha çox üstünlük verir. Amma eyni zamanda Tramp gizlədmir ki, onun xarici siyasətində iki istiqamət həll edici ola bilər: biri Çin,digəri isə yaxın Şərqdir".

E.Nəsirov qeyd edib ki, Kamala Harrisin baş prokuror vəzifəsinə gəlməsində onun rəfiqəsi və tamamilə ermənipərəst fəaliyyəti ilə tanınan siyasətçi Nensi Pelosinin müstəsna xidmətləri olub: "Kamala Harris kifayət qədər erməni maraqlarına xidmət edən bir namizəddir. 2010-cu ildə ilk qaradərili, eyni zamanda Asiya mənşəli bir siyasətçi olan Harris Kaliforniya ştatının baş prokuroru vəzifəsinə seçildi. Sonralar özü etiraf etdi ki, bu vəzifəyə seçilməyində onun yaxın rəfiqəsi Nensi Pelosinin müstəsna xidmətləri olub. Bəs Nensi Pelosi kimdir? Təpədən dırnağa qədər erməni maraqlarına xidmət edən bir şəxs, tamamilə ermənipərəst bir siyasətçi olub. Və Nensi Pelosi də Kamala Harrisin yaxın rəfiqəsi olub, onun baş prokuror vəzifəsinə keçməsində Pelosinin müstəsna rolu olub. Bu faktın özü elə xeyli məsələyə aydınlıq gətirir. Eyni zamanda bu yaxınlarda ermənipərəst mövqeyini ortaya qoymuşdu ki,Qarabağdan gələn ermənilərin geri qaytarılması ilə lazımdır. Bütün bunları nəzərə aldıqda hesab edirəm ki, Trampın qalib gəlməsi həm dünya, həm də Azərbaycan üçün daha faydalı ola bilər".

Fatima Zeynal, 

Sitat.info



Xəbər xətti