Son günlərdə dəm qazından zəhərlənmə və ölüm halları kəskin artıb. Havaların soyuması ilə əhali evdə qızdırıcı vasitə kimi qaz cihazlarından istifadə edir. Yalnış istifadə zamanı isə, bunun bədbəxt hadisələrlə bitir. “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bu mövzu ilə bağlı Sitat.info-ya açıqlama verib.
O bildirib ki, qaz cihazlarından istifadə zamanı texniki göstəricilər qaydasında olmalıdır: "Dəm qazı natamam yanma məhsuludur. Onun yaranmaması üçün qaz borusunda tam yanma prosesi getməlidir. 1m³ metan qazının tam yanması üçün 10m³ hava lazımdır. Yəni, həmin qaz borusu istifadə edilən məkanda hava axını təmin olunmalıdır, ventilyasiya kanalı olmalıdır, otaq daimi olaraq oksigenlə təmin edilməlidir. Həmin otaqda dəm qazı sızıntısını aşkar edən, vaxtında siqnal verən qaz dedektoru yerləşdirilməlidir. Dəm qazının yaranmaması üçün qızdırıcıların havasorucu borularının yaxşı işləməsinə nəzarət edilməlidir, qapalı mühitdə qaz yandırılarkən mütləq nəfəsliklər açıq olmalıdır".
E.Vəliyevin sözlərinə görə, bu mövzuda tüstü bacalarının düzgün quraşdırılmasının önəmini diqqətə almaq lazımdır: "Dəm qazını yaradan digər amillərdən biri də tüstü bacalarının işlək vəziyyətdə olmaması və ya düzgün quraşdırılmamasıdır. Bacalar standarta uyğun quraşdırılmalıdır, hər hansı bir divardan və ya pəncərədən çölə çıxarılmış nazik təbəqəli boru tüstü bacası kimi istifadə edilməməlidir. Əlavə olaraq, bacalar ildə bir dəfə təmizlənməlidir və bununla bağlı qaz idarəsinə məlumat verilməlidir"
Eldəniz Vəliyev dəm qazından zəhərlənmənin əlamətlərini qeyd edib: "Dəm qazı ilə yüngül zəhərlənmə zamanı insanda başgicəllənmə, baş ağrısı, quru öskürək, ürəkbulanma, qusma kimi əlamətlər meydana çıxır. Daha ağır zəhərlənmə zamanı isə qıcolma, huşun itməsi və insanın anlaqsız vəziyyətə düşməsi müşahidə olunur. Dəm qazı məsuliyyətsizlik və qazdan düzgün istifadə qaydalarına əməl etməməkdən yaranmış hallardır. Əgər biz bu haqda məlumatlı olub, düzgün istifadə qaydalarına əməl etsək, dəm qazının yaranmasının və bununla bərabər, ölüm hallarının qarşısını ala bilərik".
Türkanə Muradlı
Sitat.info