Con Podesta: "ABŞ iqlim dəyişikliyi ilə mübarizə və davamlı gələcəyin təmin edilməsinə sadiqdir"

20:50 13 Noyabr 2024

 

ABŞ qlobal istiləşməni 1.5°C həddində saxlamağa və iqlim dəyişikliyi ilə mübarizə apararaq davamlı bir gələcəyin təmin edilməsinə sadiqdir".

"Report" xəbər verir ki, bunu ABŞ Prezidentinin baş müşaviri Con Podesta Bakıda keçirilən COP29 Liderlər Sammitinin yüksəksəviyyəli iclasında Prezident Cozef Baydenin adından bildirib.

C. Podesta 2024-cü ilin tarixdə ən isti il olacağını qeyd edərək, iqlim dəyişikliyinin ABŞ-də qasırğalar, Cənubi Afrikada quraqlıq və Kolumbiyada daşqınlar kimi fəlakətli nəticələrini misal gətirib. O vurğulayıb ki, həssas icmalar təkcə iddialı vədlərə deyil, həm də real tədbirlərə ehtiyac duyur.

"Son dörd ildə Bayden administrasiyası iqlim dəyişikliyi ilə mübarizə üçün misli görünməmiş resurslar səfərbər edib. ABŞ özəl investisiyaların artırılması və inflyasiyanın azaldılması haqqında qanunun qəbul edilməsi sayəsində dekarbonizasiya səylərini davam etdirəcək. 2024-cü ilin sonuna qədər ABŞ illik 11 milyard dollar həcmində beynəlxalq iqlim maliyyəsi öhdəliyini yerinə yetirəcək" ,- baş müşavir əlavə edib.

 



Xəbər xətti