2025-ci ilin dövlət büdcəsi layihəsində neftin bir barreli 70 dollardan proqnozlaşdırılır və hazırda dünya bazarında Azərbaycanın "Azerlight" markalı neftinin bir bareli 73-75 dollar arasında dəyişir. Cari ilin sonunda qlobal miqyasda yaşananlar onu göstərir ki, gələn il ərzində neftin qiymətinə təsir edəcək müxtəlif proseslərin olacağı qaçılmazdır. Trampın hakimiyyətə gəlməsindən sonra həm Ukraynada, həm də Yaxın Şərqdə gedən münaqişə bitə də bilər və ya əksinə alovlana da bilər.
Digər tərəfdən, Tramp daha çox neft ehtiyatını bazara buraxarsa və ümumilikdə fərqli bir iqtisadi siyasət tutarsa, bu da neft bazarına birbaşa təsir edən faktora çevrilə bilər. Ümumilikdə neftin ucuzlaşması gözlənilirmi və 70 dollar riskli bir rəqəmdirmi?
Mövzu ilə bağlı Sitat.info-ya açıqlama verən iqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov bildirib ki, gələn il neftin 70 dollar civarında olması ehtimalı aşağıdır: "Bu ilk olaraq Donald Trampla bağlıdır. Tramp özü də bu məsələ ilə bağlı bəyan edib ki, ABŞ bazara daha çox neft buraxacaq. Onlar iddia edirlər ki, dünyada ən çox neft ehtiyatları onlardadır. Bu isə böyük ehtimal neftin qiymətinin enməsinə səbəb olacaq”.
Ə.Həsənov qeyd edib ki, ABŞ-ın bu baxımdan Səudiyyə Ərəbistanı kimi dövlətlərlə əməkdaşlıq edəcəyi də gözlənilir: "Məlumdur ki, Trampın, ümumiyyətlə Respublikaçıların Səudiyyə Ərəbistanı və digər ərəb dövlətləri ilə münasibətləri daha sıxdır, nəinki demokratların. Bəli, bu baxımdan da Azərbaycan büdcəsi üçün neftin 70 dollardan proqnozlaşdırılması çox risklidir. Böyük ehtimalla bu özünü doğrultmayacaq və yəqin ki, gələn ilin büdcəsi kəsrlə bitəcək”.
İqtisadçının fikrincə, nəzərə almaq lazımdır ki, biz neftin qiymətindən də o qədər asılı deyilik: "Bizdə neft hasilatı da azalır, bunun özü də ayrıca problemdir. Bu baxımdan hesab edirəm ki, gələn il bizim valyuta ehtiyatlarımızın azalma tendensiyasına keçdiyi ilk il ola bilər. Yəni, büdcəni xilas etmək olar, Neft Fondundan əvvəlki illərin neft gəlirlərindən transferlər olacaq. Ancaq bu da valyuta ehtiyatlarımızın azalmasına gətirib çıxaracaq”.
Tehran Yusifli,
Sitat.info