Suriyadakı proses Ukraynada da təkrarlana bilər - Sərdar Cəlaloğlunun TƏHLİLİ

11:57 4 Dekabr 2024

Bü günlərdə Ukrayna Prezidenti Volodimir Zelenski etiraf etdi ki, artıq Ukraynanın Rusiyanın işğal etdiyi torpaqları müharibə ilə almağa  gücü yoxdur. Zelenski vurğuladı ki, müharibənin bitməsi üçün diplomatik yollara əl atmaq lazımdır. Ardınca Ukrayna prezidenti  torpaqları qaytarmadan , Kiyevin nəzarətində olan ərazilərin NATO çətiri altına alınması şərti ilə münaqişənin qaynar fazasını dayandırmağa hazır olduqlarını bəyan edib.

 Sitat.info-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Ukrayna prezidentinin son açıqlamalarını dəyərləndirib və deyib ki, əslində Zelenskinin təklifi çox uzaqgörən bir təklifdir: "O deyir ki, biz əraziləri qaytarmadan da Rusiya ilə danışıqlara hazırıq. Amma bir şərtlə ki,Ukraynanın yerdə qalan ərazisinə NATO nəzarət etsin. Bu o deməkdir ki, münaqişə təkrar aktivləşəcəyi təqdirdə artıq Rusiya NATO qoşunları ilə üzbəüz qalacaq. Bu Zelenski tərəfindən düşünülmüş çox ağıllı bir plandır". 

S.Cəlaloğlu bildirib ki, Tramp da müharibəni bitirmək istəməsinə baxmayaraq, Rusiyanın qalib gəlməsinə, güclənməsinə imkan vermək  niyyətində deyil: "Rusiyanın ən böyük ümidi Trampa idi, amma Tramp artıq Rusiyanın dünyada yenidən bir güc olmasına imkan verməyəcək. Rusiyanın ən böyük ümüdi  o idi ki, Tramp onlara güzəştə getsin. Amma indi Suriyanın özündə hadisələr Rusiyanın əleyhinə yönəlib. Bu elə Ukrayna cəhbəsində də Rusiya üçün ciddi bir zərbədir. Artıq demək olar ki, Suriya hakimiyyəti Dəməşqdə süqut etmək  ərəfəsindədir. Bunun özü də göstərir ki, Tramp çox ağıllı bir siyasət aparır. Düşünürəm ki, Suriyadakı hadisələr başa çatandan sonra Ukraynada da proses eynilə Rusiyanın əleyhinə gedəcək. Amerika Rusiyanın dünyada yenidən bir güc olmasına imkan verməyəcək".

Fatima Zeynal,

Sitat.info



Xəbər xətti