"Rusiya-Ukrayna müharibəsində kimin qalib gəlməsi məsələsi hələ gündəmdə deyil. Belə bir şəraitdə Rusiya nə Donbası, nə Krımı, nə də digər zəbt etdiyi torpaqları qaytarmaq fikrində deyil".
Bu fikirləri Sitat.info-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib.
O bildirib ki, Qərb isə hazırki siyasətlə Ukrayna ərazisini Suriyaya bənzədə bilər: "Aİ sonradan öz sülhməramlı qüvvələrini təklif edə bilər ki, bufer zona kimi haradasa bu qoşunlar dayansın. Ukrayna rəhbərliyi də çox gözəl başa düşür ki, Avropa İttifaqına zəbt olunmuş torpaqlar olmadan daxil olmaq nə ilə nəticələnə bilər. Çünki bu bir presedent ola bilər. Ortada Moldova, Gürcüstan təcrübəsi var. Azərbaycanın yürütdüyü müstəqil daxili və xarici siyasətdə də biz bir daha gördük ki, biz Qarabağsız heç bir razılığa gəlmədik, gələ də bilməzdik. Ərazi bütövlüyü dövlətin suverenliyi deməkdir".
A.Nağıyev vurğulayıb ki, Ukraynanın torpaqlarının qaytarılması inandırıcı görünmür: "Söhbət Ukrayna-Rusiya müharibəsindən getmir, bu NATO-Rusiya müharibəsidir. Avropa vaxtilə bilirdi ki, Ukrayna həm böyük kənd təsərrüfatı olan, geniş aqrar imkanları, böyük limanları olan, taxıl ixracı ilə məşğul olan, ciddi hərbi-sənaye kompleksinə malik və sərhədləri Avropa Birliyi ilə olan bir dövlətdir. Bunun məhv etmək üçün Qərb belə bir addım atdı. Bu gün məhz Ukraynanın prezident Adminstrasiyasının rəhbəri Andrey Yermakın apardığı danışıqların nə ilə nəticələnəcəyi də aydındır. Eyni zamanda Ukrayna rəhbərliyinin Gürcüstana tutduğu irad da məlumdur və bu fonda belə açıqlamalar böyük siyasətdən xəbər verir".
Deputat hesab edir ki, baş verənlər müharibənin sonu deyil və proseslər müharibənin dayandırılması istiqamətinə aparmır.
Nigar,
Sitat.info