Türkiyə Suriyada yeni bir siyasi nizam qurur: Yaxın Şərqdə Əsəd problemi tarixə çevrilir?

15:13 6 Dekabr 2024

"Suriyada müharibə yeni mərhələyə keçib. Dörd il bundan əvvəl, aparılan müharibədən fərqli olaraq hazırkı döyüşlərdə Bəşər Əsəd və müttəfiqləri xeyli zəifləyib. Əsədin dörd il ərzində siyasi iradə ortaya qoymaması, müxalifət və Türkiyə ilə danışıqlardan yayınması, onu hazırkı vəziyyətlə üzləşdirdi".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. 

O vurğulayıb ki, 4 il ərzində Suriya üzrə heç bir siyasi həll yolu axtarılmadı: "Mövcud status-kvonun saxlanılması Əsədi, Moskva və Tehranı qane edirdi. Amma Suriyada siyasi həll yolu labüd idi. 4 il ərzində davam edən status -kvonun davam etməsi isə, Türkiyənin təhlükəsizliyini və regional sülhün əldə edilməsini çətinləşdirirdi. Əsəd hakimiyyəti Yaxın Şərqdə Rusiya və İranın geosiyasi mövqelərinin inkişafına xidmət edərək, Fələstin dövlətinin yaradılmasını da əngəlləyir. Həmçinin Şimali Suriyada yeni bir PKK-YPG dövlətinin qurulmasına zəmin yaradırdı. Təbii ki, Türkiyə proseslərin  öz əleyhinə çevrilməsini seyr edə bilməzdi".

M.Əsədullazadə qeyd edib ki, hazırda Türkiyə Suriyada yeni bir siyasi nizam qurur: "İran  bu prosesin qarşısını ala bilməyəcək. İran Yaxın Şərqdə kifayət qədər zəifləyib. Rusiya isə, müharibəyə qoşulmaq niyyətində deyil. Artıq Suriyanın strateji şəhərləri Hələb, Hama müxalifətin nəzarətinə keçib. Homs və Latakiyaya hücumlar fonunda rejim qüvvələri silahlari qoyub qaçır. Göründüyü kimi, Suriya ordusu şimal istiqamətində ciddi döyüşməyərək mövqelərindən geri çəkilir. Suriyada döyüşən "Azad Suriya Ordusu"və "Heyət Təhrir əş-Şam” (THŞ) silahlı qrupları Dəməşqə doğru irəliləyəcəksə, Əsəd ordusu müqavimət göstərə bilməyəcək. "Heyət Təhrir Əş-Şam" silahlı təşkilatının rəhbəri Colani idarə etməni əlində tutmayacağını və keçid hökumətinə təhvil veriləcəyini elan edib. Həmçinin Əsəd devriləndən sonra, təşkilatın  buraxılacağını elan edib. İranın təqdim etdiyi kimi bu təşkilat heç də radikal deyil və idarə etməni əlində tutmayacağını elan edib".

Göründüyü kimi, Türkiyə prosesləri çox ciddi şəkildə idarə edir. Azad Suriya Ordusu və HTŞ təşkilatı Suriyada azad şəkildə fəaliyyət göstərə bilməz. Türkiyə PKK-YPG terror təşkilatını da Şimal-şərqi Suriyadan çıxaracaq. İran və Rusiya Suriyadan çıxarıldıqdan sonra Hizbullah da zəifləyəcək".

Məğrur,

Sitat.info

 



Xəbər xətti