"Suriyada baş verən hadisələr Yaxın Şərqdə cərəyan edən proseslərin tərkib hissəsidir. Hazırda Yaxın Şərqin yenidən dizayn olunması istiqamətində müəyyən proses başlayıb. Suriyada baş verən hadisələr də bunun tərkibinə daxildir".
Bu sözləri siyasi şərhçi Elçin Xalidbəyli Sitat.info-ya açıqlamasında deyib.
O bildirib ki, Türkiyənin milli təhlükəsizlik maraqları hazırda kifayət qədər ciddi təhdidlər qarşısında qaldığına görə rəsmi Ankara hərəkətə keçmək məcburiyyətində qalıb: "Əgər indiki proseslər davamlı xarakter daşıyarsa, Türkiyənin dəstəklədiyi qüvvələr qələbə şansı əldə edərsə, bu halda Türkiyənin milli təhlükəsizlik maraqları böyük ölçüdə təmin olunmuş olacaq. Ən azından Türkiyə Suriya ərazisində 30 kilometrlik təhlükəsizlik zonasının yaradılmasına nail olmuş olacaq və bununla da Suriya ərazisindən Türkiyənin sərhəd bölgəsindəki yaşayış məntəqələrinin atəşə tutulmasının qarşısı alınmış olacaq".
E.Xalidbəyli vurğulayıb ki, nəticələr Türkiyə üçün gələcəkdə Yaxın Şərqdə cərəyan edən proseslərə birbaşa təsir göstərmək imkanları aça bilər: “Xüsusilə Rusiya və İranın Suriyadakı təsir dairəsinin zəifləməsi, bunun əvəzində də Türkiyənin dəstəklədiyi qüvvələrin Suriya ərazisində daha geniş areala nəzarət etməsi Türkiyənin gələcək prioritetləri və strateji hədəfləri baxımından olduqca böyük əhəmiyyət daşıyır. Bütün bunlar onu göstərir ki, rəsmi Ankara Türkiyənin təhlükəsizlik maraqlarının təmin olunması istiqamətində qətiyyətli və prinsipal addımlar atmağa başlayıb. Bu addımlar Türkiyənin gələcək taleyində xüsusi rol oynaya bilər".
Aytac Baxış,
Sitat.info