"AZAL təyyarəsinin qəzasından sonra Rusiya və Qazaxıstan hadisənin araşdırılmasını MDB-nin Beynəlxalq Aviasiya Komitəsinə həvalə etməyi təklif ediblər. Bu təklifin məqsədi məsuliyyətdən yayınmaq və diqqəti yayındırmaqdır. Azərbaycan bu təklifi qətiyyətlə rədd edib və açıq şəkildə bəyan edib ki, insident yalnız beynəlxalq səviyyədə tanınmış ekspertlər qrupu və Embraer mütəxəssisləri tərəfindən araşdırılmalıdır".
Sitat.info xəbər verir ki, bu sözləri politoloq Elçin Alıoğlu deyib.
O vurğulayıb ki, hadisəyə beynəlxalq səviyyədə yanaşılmalı və məssuliyyətdən yayınma cəhdlərinin qarşısı alınmalıdır: "Azərbaycan hesab edir ki, "qara qutunun" deşifrə edilməsi də yalnız bu qrupun iştirakı ilə baş tutmalıdır. Hər hansı bir qərəzli və ya qeyri-obyektiv araşdırmaya yol verilməyəcəyini vurğulayırıq. Bundan əlavə, Azərbaycanın Çeçenistandan hər hansı yardımı qəbul etməyəcəyi qəti şəkildə bildirilib. Çeçenistan hakimiyyətinin Ramzan Kadırovun tapşırığı ilə AZAL təyyarəsinin qəzasında həlak olanların və yaralananların ailələrinə maliyyə və digər yardımlar göstərməyə hazır olduğunu bəyan etməsinə baxmayaraq, bu təklifi rədd edirik!"
E.Alıoğlu əlavə edib ki, Azərbaycan heç bir yardıma ehtiyac duymur: "Nə dövlət, nə də vətəndaşlarımız bu yardımı qəbul edəcək. Azərbaycan öz vətəndaşlarına lazımi dəstəyi göstərib və göstərməkdə davam edir. Biz təxribatların ört-basdır edilməsini deyil, ədalətli və obyektiv araşdırmanı tələb edirik. Azərbaycan bu insidentə görə məsuliyyətin tanınmasını, üzr istənilməsini və adekvat kompensasiyanın ödənilməsini israrla tələb edir. Bu hadisə ilə bağlı Azərbaycanın mövqeyi aydındır: məsuliyyətdən yayınmaq cəhdlərinə və əsassız bəyanatlara qarşı prinsipiallıq nümayiş etdiriləcək".
Aytac,
Sitat.info