Kilian Mbappe İspaniya Kubokunun final görüşünü buraxa bilər

11:18 14 Aprel 2025

"Real Madrid"in hücumçusu Kilian Mbappe La Liqanın XXXI turunda "Alaves"lə matçda qırmızı vərəqə aldığına görə "Barselona" ilə İspaniya Kubokunun final matçını buraxa bilər.

Sitat.info "Marca" nəşrinə istinadən xəbər verir ki, İspaniya çempionatının oyununda fransalı futbolçu "Alaves"in yarımmüdafiəçisi Antonio Blankonu baldır nahiyəsinə təpiklə vurduğu üçün birbaşa qırmızı vərəqə alıb. Buna görə onu diskvalifikasiya gözləyir.

Mbappenin neçə oyun cəzalanacağı ilə bağlı yekun qərar İntizam Komitəsinin iclasında müəyyənləşəcək. Hər şey matçın baş hakimi Sezar Soto Qradonun oyunun protokolunda nə yazmasından asılı olacaq. Fransalı forvardı 1-3 oyun arası cəza gözləyir.

Aprelin 26-da "Barselona" ilə keçiriləcək kubokun finalından əvvəl "Real Madrid" çempionatda "Atletik Bilbao" və "Xetafe" ilə qarşılaşacaq.

Qeyd edək ki, Mbappe cari mövsümdə "Real Madrid" forması ilə meydana çıxdığı 47 matçda 32 qol vurub və 4 məhsuldar ötürmə edib.



Xəbər xətti