Mikayıl Cabbarov: "Azərbaycan güləşi dünyanın ən böyük arenalarında sözünü deməyə qadirdir"

12:12 14 Aprel 2025

"Azərbaycan güləşi dünyanın ən böyük arenalarında sözünü deməyə qadirdir".

Sitat.info xəbər verir ki, bu barədə iqtisadiyyat naziri, Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov "X" hesabında paylaşım edib.

O bildirib ki, Slovakiyada keçirilən Avropa çempionatında həm sərbəst, həm də yunan-Roma güləşi üzrə milli komandamız Avropa çempionu olub:

"Güləşçilərimiz bu yarışda 4 qızıl, 2 gümüş və 7 bürünc medal qazandılar. Millimiz sərbəst güləş üzrə 5-ci dəfə komanda hesabında Avropa çempionu oldu. Giorgi Meşvildişvili (125 kq) qızıl, Osman Nurmaqomedov (92 kq) gümüş, İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq) və Ağanəzər Novruzov (74 kq) isə bürünc medal qazandılar. Qadın güləşi millimizin üzvü Jalə Əliyeva (57 kq) zədələrə baxmayaraq, böyük əzmkarlıq nümayiş etdirərək Avropa üçüncüsü oldu. Yunan-Roma güləşi millimiz 2-ci dəfə Avropa çempionu oldu. Nihat Məmmədli (60 kq), Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl, Eldəniz Əzizli (55 kq) gümüş, Ülvü Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) isə bürünc medal qazandılar. İdmançılarımızın nümayiş etdirdiyi peşəkarlıq və möhkəm iradə bir daha göstərdi ki, Azərbaycan güləşi dünyanın ən böyük arenalarında sözünü deməyə qadirdir. Güləşçilərimizi, onların valideynlərini, məşqçilərimizi və federasiya nümayəndələrini təbrik edirik".



Xəbər xətti