ABŞ-nin Yəmənin Ras İsa limanına endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 58-ə yüksəlib.
Sitat.info xəbər verir ki, bu barədə Yəməndəki husilərə məxsus “Al Masirah” telekanalı məlumat yayıb.
Qeyd olunub ki, hücum zamanı daha 126 nəfər yaralanıb.
Zərbələr nəticəsində limandakı neft terminalında güclü yanğın baş verib.
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı isə Ras İsa limanının tamamilə məhv edildiyini açıqlayıb.
Bildirilib ki, bu hücum husiləri neft məhsullarının qanunsuz satışından gələn gəlirdən və yanacaq resurslarından məhrum edib.
Xatırladaq ki, 2023-cü ildə Qəzza zolağında vəziyyətin gərginləşməsindən sonra husi qiyamçıları İsraillə əlaqəli gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazından keçməsinə imkan verməyəcəklərini bəyan edib.
Martın əvvəlində atəşkəsin pozulmasından sonra husilər yenidən İsrail gəmilərinə və obyektlərinə raket və dronlarla hücumlara başlayıblar.
ABŞ Prezidenti Donald Trampın əmri ilə 15 martdan etibarən husilərin nəzarətində olan ərazilərdə kütləvi hava əməliyyatları başladılıb.