Bakıda toyda 32 nəfər zəhərləndi: Araşdırma aparılır

09:15 19 Aprel 2025

Bakıda toyda kütləvi zəhərlənmə baş verib.

Sitat.info xəbər verir ki, hadisə aprelin 18-də, axşam saatlarında paytaxtın Xətai rayonu, genaral Mehmandarov küçəsində yerləşən "Venesiya" şadlıq sarayında qeydə alınıb.

Mərasimdə zəhərlənən 21 nəfər Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onların sayının artacağı isitsna deyil. Xəstələrdən bəzilərinin durumu ağırıdır.

Zəhərlənənlər arasında toyda oxuyan müğənnilərin də olduğu bildirilir.

İlkin ehtimallara görə, zəhərlənmə qidadan olub.

Faktla bağlı araşdırma aparılır.

***

Bakıda toyda baş verən kütləvi zəhərlənmə nəticəsində Kliniki Tibbi Mərkəzə 25 nəfər hospilitizasiya olunub.

Bunu TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova deyib.

Onun sözlərinə görə, hazırda həmin şəxslərə müvafiq tibbi yardım göstərilir.

***

Dəqiqləşdirilməmiş bakteriyal qida zəhərlənməsi diaqnozu ilə aprelin 19-u gecə 32 nəfər (23 qadın, 9 kişi) Kliniki Tibbi Mərkəzin (KTM) Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə yerləşdirilib.

Bu barədə KTM-in Mətbuat Xidmətinin rəhbəri Ruzbeh Məmməd məlumat verib.

Onun sözlərinə görə, xəstələrə tibbi xidmətlər göstərilib, mədələri yuyulub, infeksionist baxışı olub.

Zəruri tibbi xidmətlərdən sonra onların hər biri evə buraxılıb.

***

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu gecə Bakıda 32 nəfərin toyda zəhərlənməsini araşdırır.

Bu barədə AQTA-dan bildirilib.

Qeyd olunub ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmamasına dair AQTA mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb:

“Hadisənin baş verdiyi şadlıq evində istehlaka təqdim edilmiş və baxış zamanı mövcud olan bütün qida məhsullarından nümunələr götürülüb. Bununla yanaşı, işçi masalardan və qida ilə təmasda olan səthlərdən yaxmalar götürülərək laborator müayinələrə təqdim olunub. Hazırda araşdırma davam etdirilir. Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək".



Xəbər xətti