"Azərbaycanın ixrac-idxal rəqəmləri məmləkətdə iqtisadi durumu tam izah edir, vəziyyətin nə qədər qəliz olduğunu göstərir. 2025-ci ilin ilk 4 ayında Azərbaycanın ixracı 8,7 mlrd. dollar olub, idxalımız isə 8,1 mlrd. dollar təşkil edib. Ticarət dövriyyəsində müsbət saldo cəmi 600 mln. dollar civarında olub, halbuki, ötən illərdə bu rəqəm 6-8 mlrd. dollar civarında idi".
Bu sözləri Sitat.info-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.
O bildirib ki, ixrac azaldıqca idxal artır: "İxracımızın 90%-i neft-qazdır, bu öz yerində. Məsələ odur ki, idxal kəskin artır, ölkə heç nə istehsal edə bilmir, bacarmır. 2024-cü ilin ilk 4 ayı ilə müqayisədə ölkəyə idxal 2,6 mlrd. dollar artıb. Məsələn, ərzaq idxalı 100 mln. dollar artaraq 870 mln. dollara çatıb".
İqtisadçı vurğuladı ki, aqrar sektordakı ticarət dövriyyəsində də müsbət saldo çox aşağıdır: "Hökumətin fəxrlə təqdim etdiyi aqrar sektorda, meyvə-tərəvəzdə isə vəziyyət belədir: Azərbaycan bu ilin ilk 4 ayında xaricə 143 mln. dollarlıq meyvə-tərəvəz satıb, amma elə eyni dövrdə xaricdən 127 mln. dollara yaxın meyvə-tərəvəz almışıq. Bu sektorda müsbət saldo cəmi 16 mln. dollardır. Türkiyənin bir tək Antalya bölgəsi hər ay meyvə-tərəvəz ixracından 140-150 mln. dollar qazanır, Azərbaycanın 4 ayda xaricə satdığını, Antalya cəmi 1 aya satır. Vəziyyət belədir".
Nigar,
Sitat.info