ABŞ-İran gərginliyi pik həddə: Tehran nüvə proqramından imtina etməsə...

14:33 12 İyun 2025

"ABŞ ilə İran arasında aparılan nüvə danışıqlarında razılaşma əldə edilmir. Xüsusilə, İranın Ali dini rəhbəri S. Xamenei D. Trampla hər hansı bir müqavilənin bağlanmasını mənasız adlandırıb. İran öz mövqeyindən geri çəkilmir. Hətta şərt kimi İsrailin də nüvə silahından istifadə edilməsinə qadağa qoyulmasını irəli sürüb. Belə olan təqdirdə tərəflər arasında mümkün razılaşmalar əldə edilməsi çətin görünür. İran dinc nüvə araşdırmalarından əl çəkməyəcəyini bəyan edir. Bunun elmi tədqiqat olduğunu və ölkəsinin inkişafı istiqamətində edəcəyini vurğulayır. ABŞ isə, həm ballistik raketlərdən, həm də dinc nüvə proqramından imtina etməyi tələb edir. İki tərəfin mövqeyi bir-birinə ziddir olaraq qalır. ABŞ öz  şərtlərinin qəbul edilmədiyinə görə, İrana qarşı İsrail faktorundan istifadə etməyə başlayır. İsrail vasitəsilə İrana öz tələblərini qəbul etdirməyə çalışır".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. 

O bildirib ki, ümumiyyətlə, İsrail, ABŞ-İran danışıqlarına əvvəldən əleyhinə olub: " Məhz 2017-ci ildə D. Tramp İsrailin istəyi ilə İranla əldə olunan "Hərtərəfli nüvə" sazişindən birtərəfli şəkildə çıxdı. ABŞ-la İran arasında yenidən başlanan nüvə danışıqlarına İsrail etiraz edirdi. D. Tramp çalışırdı ki, danışıqlar yolu ilə İranla münasibətləri normallaşdırsın. Və nüvə proqramından imtina edilməsinə nail olsun. Amma, İran öz maksimalist şərtlərindən əl çəkmədi. Artıq ABŞ, İsrailə İrana qarşı mümkün "cərrahi" əməliyyatlara icazə verib. Bununla D. Tramp İranı güzəştə getməyə məcbur etməyi planlaşdırır".

M.Əsədullazadə hesab edir ki,  İran ABŞ üçün təhdid deyil, bu ölkə üçün strateji təhdid Rusiyadir: "Amma, ABŞ prezidenti Rusiyanın güclənməsi üçün "yaşıl" işıq yandırıb. Tramp Rusiyanın Ukraynada qalib gəlməsi üçün əlindən gələni edir. Əgər, Rusiya Ukraynada qalib gələrsə, bu D. Trampın siyasi fiaskosu və ABŞ fövqəldövlət statusunun ləğvi demək olacaq. Bu gün ABŞ üçün əsas təhdid məhz Rusiyadır. Əgər, İsrail İranın nüvə mərkəzlərinə qarşı hərbi əməliyyatlar keçirsə, İran assimetrik cavab verəcək. Hörmüz boğazını bağlayacaq. ABŞ-ın hərbi bazalarına hücumlar təşkil olunacaq. Bundan əlavə, Yeməndə Husilər ABŞ hərbi bazalarına və İsrailə qarşı raket atışlarına başlayacaq. İranın küncə sıxışdırmaq və nüvə proqramından əl çəkdirmək üçün başlanan müharibə D. Trampın uğursuz siyasəti və Rusiyanın maraqlarına xidmətin əsas hissəsidir".

Aytac,

Sitat.info 



Xəbər xətti