ABŞ prezidenti Donald Tramp İran və İsrail arasındakı gərginlik fonunda Pekinin Tehrana yardım etməyəcəyinə əmin olduğunu bildirib.
Bunu D.Tramp Nyu-Cersi ştatında jurnalistlərin İsrailin Tehrana qarşı hərbi əməliyyatı ilə bağlı Çinin İrana yardım göstərməsinin mümkünlüyü ilə bağlı suallarını cavablandırarkən deyib.
“Mən onların müdaxiləsini təsəvvür edə bilmirəm”, - Amerika lideri bildirib.
Çinin daha əvvəl İrana bir neçə təyyarə göndərməsi ilə bağlı xəbərləri şərh edən Tramp qeyd edib:
“Deyirlər ki, bu, insanları evakuasiya etmək üçündür. Amma bu barədə sizə heç nə deyə bilmərəm. Çinlə, onun lideri Si Cinpinlə çox yaxşı anlaşıram. Bizim çox yaxşı münasibətimiz var. Görək nə olacaq”, - o əlavə edib.
Əvvəl də dediyimiz, İsrail- İran hərbi toqquşması dünyada kifayət qədər ciddi böhrana səbəb ola bilər. Hazırda davam edən regional toqquşma qlobal xarakter ala bilər. ABŞ və Çin prosesə qoşulsa, bu, baş verəcək.
Hazırda ABŞ İsrailə dəstək versə də belə, bu hələ ki sahədə özünü göstərmir. ABŞ İsrailə müəyyən kəşfiyyat məlumatları ötürə bilər, bu qədər. Ancaq İran nüvə danışıqları ilə bağlı radikal mövqeyini və ambisiyasını davam etdirsə, onda ABŞ daha ciddi formada İsrailə dəstək göstərə bilər.
Müəyyən müddətdən sonra ABŞ-nin İsrailə açıq dəstək verməsi mümkündür. Amma Tramp əvvəlcə mümkün riskləri nəzərə almalıdır. Məsələ burasındadır ki, ABŞ-nin İsrailə dəstəyi Çinin də İrana hərbi yardımı ilə nəticələnəcək. Bu isə supergüclər arasında birbaşa hərbi toqquşmaya gətirib çıxara bilər. ABŞ buna hazırdırmı?
İkinci bir tərəfdən, Tramp niyə Çinin prodeslərə müdaxilə etməyəcəyindən bu qədər çox əmindir. ABŞ bunu istəmirsə, hər şeydən əvvəl Çinin "damarına basmamalı", İsrailə ən azı açıq dəstək verməməlidir. Əks halda Pekin güzəştə getməz. İndiki halda Ağ Ev Çinin ilk addımı atmasının qarşısını ala bilər. Bunun üçün isə tərəflər arasında diplomatik ticarətə ehtiyac var. Əgər Tramp Çinin gərginliyə müdaxiləsindən narahatdırsa və prosesə qoşulmayacağından əmindirsə, deməli, hansısa məqamda güzəştə getməyə hazırdır.
Siyasi şərhçi Kənan Novruzov,
Sitat.info