Zəngəzur dəhlizi açılır: Ölkəmiz və regionumuz üçün hansı iqtisadi imkanlar yaranır?

15:10 8 Avqust 2025

Vaşinqton görüşündə Zəngəzur dəhlizinin açılması və buraya ABŞ şirkətlərinin nəzarəti ilə bağlı razılaşma olarsa, bunun Azərbaycana və regiona verəcəyi iqtisadi tövhələr nələr ola bilər? Bu sual son günlərin ən çox müzakirə olunan mövzuları sırasındadır. 

Bu barədə Sitat.info-nun suallarını cavablandıran millət vəkili Vüqar Bayramov bildirib ki, Zəngəzur dəhlizinin açılması Azərbaycan iqtisadiyyatını gücləndirəcək:

"Zəngəzur dəhlinin istifadəyə verilməsi, Azərbaycanla Ermənistan arasında kommunikasiyanın bərpası həm Azərbaycanda, həm də regionda iqtisadi-inkişafa müsbət təsir gösətərəcək. Bu bir tərəfdən Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə  quru nəqliyyatının bərpası deməkdir. Naxçıvan uzun müddətdir ki, blokadadır. Bu əlaqələrin bərpa edilməsi Naxçıvanda istehal edilən  məhsulların daha qısa müddətdə və daha az xərclə Azərbaycanın əsas ərazilərinə çatdırılmasına imkan yaranacaq. Təbii ki, bu Naxçıvanda biznesin inkişafı üçün vacibdir. Zəngəzur dəhlizi həm Şimal-Cənub, həm də Şərq-Qərb nəqliyyat dəhlizləri ilə inteqrasiya olunacaq. Bu da  dəhliz vasitəsi ilə daha  çox yüklərin daşınması anlamına gəlir. Orta dəhlizin inkişaf etməsi imkan verəcək ki, Azərbaycan Zəngəzur dəhlizinin istifadəyə verilməsi ilə həm beynəlxalq yükdaşımalardan daha çox gəlir əldə etsin, həm də alternativ yollarla öz məhsullarını yeni bazarlara ixrac etmək imkanı qazansın".

V.Bayramov qeyd edib ki, dəhlizin açılması Türk dünyasının inkişafına xüsusi töhfə verəcək: "Bu eyni zamanda türk dünyasını birləşdirəcək. Quru nəqliyyat dəhlizi türk dünyasının inkişafına xüsusi töhfə verəcək. O baxımdan Zəngəzur dəhlizinin istifadəyə verilməsi Azərbaycanın əsas ərazisi ilə Naxçıvan MR arasında quru nəqliyyatın bərpasına, Naxçıvanın blokadadan çıxmasına, Azərbaycan da daxil olmaqla türk dünyasının inkişafına töhfə verəcək".

Aytac,

Sitat.info

 



Xəbər xətti