"ABŞ Prezidenti Donald Trampa Azərbaycanla Ermənistan liderlərini bir araya gətirib ortaq bəyanat qəbul etdirmək çətin olmadı. Vaşinqton görüşünə qədər Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanla Əbu-Dabidə ikitərəfli görüş keçirmiş və sülh sazişinin mətnini razılaşdırdıqlarını bəyan etmişdilər".
Sitat.info xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
O bildirib ki, sadəcə sülh sazişinin mətnini təsdiq etmək qalırdı: "Trampın komandası yaranan fürsətdən istifadə edərək paraflanmanı Vaşinqtonda həyata keçirməyə nail oldu. Doğrudur, buna qədər amerikalı diplomatlar Bakı və İrəvanla sıx dialoq içində idilər"
Politoloq hesab edir ki, Tramp üçün Rusiya və Ukrayna arasında barış əldə etmək daha çətin olacaq: " Ağ Ev sahibi rusiyalı həmkarı Vladimir Putinlə görüşə hazırlaşır. Trampın müharibəni dayandırmaq üçün irəli sürdüyü “ərazi mübadiləsi” təklifi Kiyevdə və Avropa paytaxtlarında narahatlıqla qarşılanıb. Ukrayna şərq ərazisinin bir hissəsindən imtina etsə belə, Rusiyanın gələcəkdə bununla kifayətlənəcəyinə təminat yoxdur. Rusiyanı idarə edənlər imzaladıqları sənədlərə hörmət etmirlər. Əks halda Kreml sahibi ABŞ-ın keçmiş Prezidentinin 1994-cü ildə imzaladığı sənədi zibil yeşiyinə ataraq Krımı ilhaq etməzdi".
Səid,
Sitat.info